Namaz qılarkən möhürdən istifadə etməliyikmi?

Sayta qoyulub: 09:57 03.05.2013 [12467 dəfə oxunub]

İslamda möhür varmı?

`Dəvət` jurnalının elektron ünvanına, www.din.az saytına və facebook səhifəmizə yazaraq namazın necə qılınması, əsasən də namaz qılarkən möhürün olub-olmamasını dəqiqləşdirmək istəyirlər...

Biz namazın necə qılındığını, əlbəttə bu dini bizə göndərənin elçisi olan Muhəmməd peyğəmbərdən (s) öyrənirik. Muhəmməd peyğəmbər necə namaz qılıbsa, biz də namazları eynilə onun kimi qılmalıyıq. Bəli, Allahın Elçisi namazda alnını həm torpağa, həm həsirə, həm də tərkibi parçadan olan müəyyən əyalara qoyaraq səcdə edib. Ancaq bununla yanaşı, bəzi insanlar namazda səcdə zamanı alnın mütləq torpağa (və ya ağaca, həsirə) dəyməli olduğunu, parça və bu kimi istehsal olunanlara səcdə etməyin doğru olmadığını iddia edirlər. Bu iddialara cavab verməyə çalışaq:

1. Bir şeyi unutmayaq ki, bu gün bizim evlərin heç birinin döşəməsi nə torpaqdandır, nə də sadəcə həsirdən. Halbuki Rəsulullahın yaşadığı evin, namaz qıldıqları məscidin döşəmələri torpaqdan idi.

İndi haşiyə çıxaraq bir məsələni diqqətinizə çatdıraq ki, namazda səcdə zamanı bədənin 7 üzvü yerə toxunmalıdır. Bu orqanlar da alın (burun da əlavə edilir), iki əl, iki diz və iki ayaqdır (Buxari, 812; Müslim, 490). Bunlardan hansısa biri qaldırılarsa, onun səcdəsi doğru olmaz. Bəli, İslamı bizə çatdıran Allahın Elçisi (s) bizə namazın necə qılınmalı olduğunu öyrədib və göstərib. Məsələn, Peyğəmbər (s) `Dəstəmazsız olanın, `Fatihə` oxumayanın, rukuya tam getməyənin` namazının doğru olmadığını da bildirib. İddia edildiyi kimi, səcdədə alnı torpağı dəymək namazın əsas şərti olsaydı, Allahın Rəsulu bunu mütləq bildirərdi. Halbuki Peyğəmbərin həyatında, sözlərində bununla bağlı bir sübut, bir dəlil mövcud deyil.

2. Əksini iddia edənlər Peyğəmbərin "Yer üzü mənə səcdəgah edildi” sözünü əsas kimi gətirirlər. Hədisin isə əsli və tam versiyası isə bu cürdür: "Mən altı fərqlə Peyğəmbərlərdən üstün edilmişəm: Mənə mənası geniş olan sözlər bəxş edilmişdir, düşmənin qəlbinə qorxu salınmaqla kömək verilmişdir, qənimət mənə halal edilmişdir, yer üzü mənim üçün paklıq və səcdəgah edilmişdir, mən bütün insanlara (peyğəmbər olaraq) göndərilmişəm, mənimlə peyğəmbərlik yekunlaşmışdır" (Muslim, 1/371, 523).

Qeyd edək ki, bu hədisi bizə çatdıran Allah Rasulundan (s) ən çox hədis nəql edən Əbu Hureyrədir (r). Bu səhabədən hədis qəbul etməyən və ona "kəzzab” böhtanı atanların, "saxtakar hədis dəllalı” adlandıranların ondan rəvayət olunan hədisi dəlil kimi gətirmələri ziddiyyətlə nüans deyilmi?!

3. Deyək ki, bu hədisin torpağa səcdə etməyə dəlil olduğunu qəbul etdik. Elə isə hədisdə dəlil gətirilən hissəyə nəzər salaq:

"Yer üzü mənə səcdəgah edildi”. Hədisdə qeyd edilən "yer” sözü ərəb dilində "Ard” olaraq oxunur. Və Quranda da "Ard” sözü "Yer” mənasını verir:

"Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!” – deyirlər» (“Bəqərə» surəsi, 11).

Ərəb dilində isə "torpağ”a "turab” deyilir. Qurani-Kərimdə belə buyurulur: «O sizə ölüb torpaq və sür-sümük olduqdan sonra (qəbirlərinizdən dirildilib) çıxarılacağınızımı vəd edir?” («Muminun» surəsi, 35).

Peyğəmbərin hədisində qeyd edilən söz "torpaq” deyil, "yer” dir ki, bu da insanın ayaq üstə durduğu məkan hesab edilir.

Əgər bunun əksini iddia edənlər hələ də "yer” sözünə "torpaq” mənası verirlərsə, bunda da təkid edirlərsə, bu hədisə də cavab verməlidrilər:

"Mənə yeddi sümüyə səcdə etmək əmr olundu. Bunlar: alın (sonra burnuna işarə etdi) iki əl, iki diz və iki ayağın aşağıları (aşağı ətraflar)...”

QEYD: Quranda elə ayələr var ki, orada "Ard” sözü bizim dilə "yer” kimi yox, "torpaq” kimi tərcümə olunub. Bu sizi şübhəyə salmasın. Ərəb dili çox zəngin dildir. Elə sözlər var ki, onları ərəbcədən bizim dilə çevirəndə əsl mənanı vermir. Buna misal olaraq: "(Firon) dedi: "Sən öz sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağamı gəlmisən, ey Musa?" («Ta Hə» surəsi, 57). Ayədə ərəbcədən "ard” sözü keçir, ama dilimizə "torpaq” kimi tərcümə olunub. Çünki, bizim dildə "torpaq” sözü həm də sahib olduğun yerə deyilir. Ayədə ki "ard” sözünu olduğu kimi, yəni "yer” kimi tərcümə etsək, məna bir az keyfiyyətsiz alınacaq. Bu cürə: "(Firon) dedi: "Sən öz sehrinlə bizi öz yerimizdən qovub çıxartmağamı gəlmisən, ey Musa?"

Birinci və ikinci tərcümə arasındakı məna fərqinə diqqət edin! Bizim dildə bu sözü fərqli şəkillərdə tərcümə edə bilmədiyimizə görə, məcburuq ki, həmin sözü dilimizdə olan başqa bir sözlə əvəz edək ki, ərəb dilindəki əsl mənanı özündə cəm etsin.

4. Möhürü əsas olaraq qəbul edənlərdən soruşanda ki, `niyə möhürü yalnız alın nahiyəvizə qoyursuz` cavab verirlər ki: `Əsas alındır. Əsasən alın torpağa dəyməlidir`. Bu isə həmin hədisə əsasən səhv fikirdir. Çünki Allah Rasulu (s) səcdənin kamil olması üçün təkcə alını deyil, yeddi əzanı sayıb. Və burada xüsusi olaraq qeyd edib ki, "Mənə əmr olundu”.

Əgər bu əmrdirsə və Allah Rəsulu (s) yeddi əzadan birini istisna etməyərək, birini digərindən üstün və əsas olaraq qeyd etməyibsə, deməli hər bir əza əsasdır. Və səcdə zamanı bunlardan biri yerə dəymirsə, həmin səcdə doğru deyil. Səcdəsi doğru olmayanın isə namazı da düzgün hesab edilmir. Çünki hər bir namaz qılan şəxs namazda səcdə vəziyyətini düzgün yerinə yetirməsi üçün bu yeddi orqanı mütləq yerə toxundurmalıdır. Əgər bunlardan biri yerə dəymirsə, edilən hərəkər səcdə hökmündə olmur.

Qeyd etdiyimiz hədisdə, Allah Rəsulu (s) yerin (əksini iddia edənlərin dili ilə desək, torpağın) pak və səcdəgah olunduğunu dedi. Və daha sonrakı hədisdə isə səcdə vəziyyətini 7 əza ilə əlaqələndirdi. Əslində buradan belə bir nəticə çıxmalıdır, əgər möhürün əsas olduğunu iddia edənlər hədisdəki "Ard” sözünü "torpaq” kimi tərcümə edib bu cür də qəbul edirlərsə, tərcümə edirlərsə, digər hədisə əsasən məcburdular ki, tək alınlarına yox, yeddi əzanın hamısına möhür və ya bu kimi əşya qoyulsun. Əgər torpaq səcdəgahdırsa, səcdəgahada lazımdır ki, səcdə vəziyyətində əmr olunan əzalar qoyulsun. Əzaların birini əsas götürüb, digərlərindən üstün görmək olmaz. Demək möhürün əsas olduğunu iddia edənlərin iki çıxış yolu var: 1. Ya yeddi əzanın yeddsinə də möhür qoyulmalıdır ki, heç bir hədisə zidd olunmasın, 2. Ya da, etiraf edilmılidir ki, yeddi əzanın alından başqa tərəfi səcdagah qılınan "torpağa” dəymir.

5. Möhürün əsas olduğunu iddia edirlər ki, yeyilməyən, geyilməyən şeylərə səcdə olunmaz. Bu cür düşünənlərə bir şeyi xatırlatmaq lazımdır ki, Allah Rasulunun (s) dövründə həsirin üzərində səcdə edirdilər və eyni zamanda həmin həsirdən özlərinə ayaq geyimi toxuyurdular. Bu geyinilən məsələ ilə bağlı cavab.

Yeyilməyən məsələsi ilə bağlı isə torpaqla qidalanan canlıların olduğunu xatırlatmaq yerinə düşərdi. Hətta bəziləri möhürü şəfa niyyəti ilə yeyirlər.

6. Həqiqətdir ki, həmin dövrdə məscidin, evin içi torpaq olduğuna görə əsasən torpağa səcdə olunurdu. Ama Allah Rasulu (s) səcdə etmək üçün nə özü ilə xüsusi bir əşya gəzdirib, nə də səhabələrinə (r) bunu əmr edib.

7. Əslində müsəlmanlar torpağa səcdəni inkar etmir. Namazda yalnız və yalnız alına qoymaq üçün müəyyən bir əşyanı gəzdirməyi inkar edir ki, bu da sonradan uydurulmuş xurafatdır. Nə vaxt səhrada olarıqsa, sadəcə torpaq olan ərazidə namaz qılmaq zərurəti yaranarsa, torpaqda bütün əzalarımızla namazımı qılarıq. Bunda heç bir qəbahət yoxdur.

8. «Təmiz olan hər yerdə səcdə etmək olar» deyəndə möhürü əsas qəbul edənlər dərhal reaksiya göstərirlər ki, `hamam təmiz olsa, hamamda səcdə edəcəksən?` Bu cür etiraza başqa bir sualla cavab vermək yerinə düşərdi: `Möhür təmiz olduğu halda, hamamda möhürlə namaz qılmaq olar?` Əlbəttə, cavab məlumdur. İslamda da namaz qılınması doğru olmayan yerlər var. Həmin yerlərdə namaz qılmaq üçün nə yerin təmizliyinə, nə də ki, möhürün olmasına əhəmiyyət verilir. Bu yerlərə misal olaraq hamam, heyvanların saxlandığı yerləri misalm kimi qeyd etmək olar.

9. Başqa bir iddia da Peyğəmbərin səhabələrinin namaz qılarkən alınlarına daş qoymalarıdır. Aydın məsələdir ki, Ərəbistan çölləri həddən artıq isti olduğuna görə, torpağa, quma səcdə etmək alnı yandırır. Buna görə Allah Rəsulunun (s) səhabələri də səcdə zamanı torpaq, qum alınların yandırmasın deyə daşı, əllərində soyudar və səcdə etdikdə alınlarının altına qoyardılar. Hətta bəziləri paltarlarının ətəklərini alınlarına qoyardılar ki, alınları istidən yanmasın. Bu zərurətdın qaynaqlanırdı.

10. Və sonda böyük cəfəri alimi olan Musa əl-Musavinin möhür haqqında dediklərini qeyd edərək mövzunu yekunlaşdırırıq. Musa əl-Musavi möhür haqqında bunları deyib: "Türbə (möhür) üzərinə səcdə edənlərin bir çoxu onu öpür, (əl-üzünə sürtməklə) ondan bərəkət istəyirlər. Hətta şəfa məqsədilə Kərbəla türbəsindən yeyənlər də olur. Heç bilmirəm ki, bu bidət bu məzhəbə nə vaxt daxil olmuşdur? Nə Rəsuli Əkrəm (s), nə Əli (r), nə də onlardan sonra gələn imamlar Kərbəla türbəsinə heç zaman səcdə etməyiblər...” ("Əş-şiə va ət-təşih", səh. 105).

Topladı və Yazdı : Sheyx Shamil Abdul-Jaleel