Səbirli olmağın səbəbləri

Sayta qoyulub: 09:41 03.05.2013 [1710 dəfə oxunub]

Rəsulullahın həyatı ilə, daha doğrusu başına gətirilənlərlə tanış olduqdan sonra elə bir insan yoxdur ki, onu aşağıdakı sualların cavabı maraqlandırmasın; Görəsən, müsəlmanların bu səviyyədə səbrli və əzmkar olmalarının səbəbi nədir? Eşitdikdə insanı dəhşətə gətirən və qəlbləri titrədən bu vəhşiliklərə onlar necə dözüblər? - Belə hesab edirik ki, bu suallara cavab tapmaq üçün ötəri də olsa əsas səbəbləri qeyd etmək lazımdır.

1. Allaha iman

Bunun ilk və əsas səbəbi yalnız Allaha iman və Onu layiq olduğu şəkildə tanımaqla bağlıdır. Mütləq imana sahib olan kimsənin qəlbini heç kəs sarsıda bilməz. Onunla dağları və əlçatmaz yerləri belə fəth etmək mümkündür. İnsan mütləq imana və yəqinliyə nail olduqdan sonra dünyanın bər-bəzəyi, keçici həzzi və aldadıcı görüntüsü onun gözündə heç nəyə çevrilir, bir buğda dənəsi qədər belə dəyəri olmur. Bunların hamısı imanın şirinliyi qarşısında əriyib məhv olur. “Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!” (“Rad” surəsi, 17).

Bu yeganə və əsas səbəbdən əzmkarlıq və səbrə sövq edən bir neçə amillər meydana gəlir.

2. Qəlblərin pənah apardığı birlik

Rəsulullah (s) tək İslam ümməti üçün deyil, bütün bəşəriyyətə örnək və uca zirvədə dayanan rəhbərdir. Onda (s) fitri gözəllik, mənəvi kamillik və yüksək əxlaq normaları cəmləşmişdi. Ürəkləri ona cəzb edən və mənəviyyata rahatlıq gətirən bunlardır. Ona bəxş edilən mükəmməl iradə və qabiliyyət bəşər övladının heç birində tapıla bilməz. O, (s) xeyirxahlıq, fəzilət və kəramətə görə ən uca zirvədə yer alır. Çünki namuslu, doğru danışan və əmanətə xəyanət etməyən biri idi. Onun bu sifətlərini dövrünün kafirləri belə inkar etmirdilər. Onun dilindən yalnız doğru və zərərsiz sözlər eşidilib. Əbu Cəhl Rəsulullaha (s) deyirdi: “Ey Muhəmməd, biz səni inkar etmirik. Sadəcə gətirdiyini qəbul edə bilmərik. Uca Allah buyurur: “Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər. Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər” («Ənam” surəsi, 33).

Kafirlər Rəsulullahı (s) bir gündə üç dəfə məzəmmət etmişdilər. Üçüncüsündə isə üzünü onlara çevirərək buyurdu: “Ey Qureyş camaatı! Mən, iman etmədiyiniz təqdirdə sizi məhv etmək üçün göndərildim”. Bu söz onları özlərindən çıxarmış və daha kəskin şəkildə ədavətlərini davam etdirmişdilər.

Rəsulullah (s) səcdədə olarkən kafirlər onun belinə heyvan içalatı tökdükdə onların əleyhinə dua etmişdi. Bundan qorxan müşriklərin gülüşləri kəsilmiş və sonlarının uçurum olduğunu düşünmüşdülər. Əbu Ləhəbin oğlu Utbəyə bəddua etdiyi vaxtdan çox keçmir ki, şir Utbəni parçalayır.

Əbiy bin Xələf onu öldürməklə hədələdikdə Rəsulullah (s) ona “Allahın izni ilə, mən səni öldürəcəyəm” demişdi. Uhud günü Rəsulullah (s) tərəfindən yaralanan Əbiy bu sözləri demişdi: “O, Məkkədə olarkən məni öldürəcəyi ilə hədələyirdi. Bu da onun əlaməti!” (İbn Hişam, 2/84).

Səd bin Muaz Məkkədə olarkən Umeyyə bin Xələf barəsində belə deyirdi: “Mən Rəsulullahın belə buyurduğunu eşitdim: “Onlar – yəni, müsəlmanlar səni öldürəcəklər” Umeyyə bunu eşidər-eşitməz qorxu içərisində oradan qaçıb getmiş və söz vermişdi ki, Məkkədən kənara çıxmayacaq. Əbu Cəhl Bədr günü onu Məkkədən çıxmağa məcbur etdiyi vaxt, o, sürətli bir dəvə almışdı ki, çətin vəziyyətdə qaçıb canını qurtara bilsin (Ətraflı məlumat üçün bax; “Səhih Buxari” 2/563).

Bu, Rəsulullahın (s) düşmənlərinin düşdüyü vəziyyət idi. Lakin səhabələri və dostları bu cür yaşam tərzindən çox uzaq idilər. Onların qəlbləri imanla dolu, düşüncələri təmiz idi. Rəsulullaha (s) qarşı bəslədikləri sevgi onları qırılmaz zəncirlə zəncirlənmiş kimi Ona (s) bağlanmışdılar. Rəsulullahla (s) səhabələri arasında bənzərlik dəmirlə maqnitin bir-birlərini cəzb etməsi ilə eynidir.

Onların bir-birlərinə bəslədikləri bu sevgi tutduqları yolda qarşıya çıxan çətinliklərə, əzab-əziyyətlərə mətinliklə sinə gərməyə kömək edirdi.

Əbu Bəkr bin Əbi Quhəmə günlərin birində Məkkəni dolaşarkən Utbə bin Rəbiə ona yaxınlaşaraq ayaqqabılarının nalı ilə onun sifətinə güclü zərbələr endirdi. Əbu Bəkrin sifəti və çənəsi tanınmaz hala düşmüşdü. Teym camaatı onu ölümcül vəziyyətdə evinə gətirir. Səhəri gün Əbu Bəkr oyanaraq “Muhəmməd (s) haradadır?” dedikdə, yanındakılar anasının yanına gedərək deyirlər: “Fikir verirsən? Yemək verib qarnını doyurursan, paltar verib əynini isti saxlayırsan, sonra qalxıb deyir ki, “Muhəmməd hanı?” Anası gəlib oğluna onun (s) harada olduğunu bilmədiyini söylədikdə, oğlu təkid edərək deyir: “Gedin, Ummu Cəmil bin əl-Xəttabdan onun barəsində soruşun!” Anası Ummu Cəmilin yanına gedib Rəsulullahın (s) harada olduğunu soruşduqda, Ummu Cəmil deyir: “Mən nə Əbu Bəkr, nə də Muhəmməd bin Abdullahı tanıyıram. Amma istəsən, oğluna baş çəkməyə gedə bilərik”. Ummu Cəmil Əbu Bəkrin anası ilə razılaşdıqdan sonra onun yanına gəlmək üçün yola düşürlər. Ummu Cəmil Əbu Bəkri acınacaqlı halda görüb ağlamağa başladı. Sonra dedi: “Vallahi, bunu günahkar və küfr içində olan bir camaat edə bilər. Biz gərək onlardan qisas alaq!” Əbu Bəkr dedi: “Rəsulullah (s) necədir?” Dedi: “O, (s) sağ və salamatdır. “Əbu Bəkr soruşdu: “O, (s) haradadır?” Ummu Cəmil cavab verdi: “İbn əl-Ərqamın evində”. Əbu Bəkr “Mən gedib Rəsulullahı (s) görməyənə kimi boğazımdan bir tikə də keçməyəcək,”- deyərək Peyğəmbərin (s) yanına getmək istədi. Əbu Bəkrin ayaqları azacıq yaxşılaşdıqda onu qollarından tutub Rəsulullahın (s) yanına gətirdilər” (“əl-Bidəyə və ən-Nihəyə” 3/30).

3. Müsəlmanlarda olan məsuliyyət hissləri

Səhabələr çiyinlərinə düşən ağır məsuliyyəti bütünlüklə dərk edirdilər. Və bilirdilər ki, ondan qaçmaq və bezmək mümkün deyil. Onlar bu yükü üzərlərindən atmaqla qazanacaqları cəza, hazırda müşriklər tərəfindən məruz qaldıqları işgəncələrdən daha şiddətli və daha zərərli olacağını çox gözəl başa düşürdülər. Çünki, bu tale yüklü məsuliyyətdən yayındıqları təqdirdə küfr bəşəriyyəti öz cənginə alacaq, bunun qarşılığı isə daşıdıqları yükün ağırlığından qat-qat ağır olacaqdır.

4. Axirətə iman

Axirətə iman onlarda olan məsuliyyət hissini daha da artırır, iradələrini və əzmkarlıqlarını möhkəmləndirirdi. Çünki, onlar Aləmlərin Rəbbi qarşısında dayanaraq etdikləri böyük və ya kiçik əməllər barəsində hesaba çəkiləcəklər. Onların məkanı ya daimi məskən – Cənnət, ya da əbədi əzab – Cəhənnəm olacaqdır. Buna görə də onlar öz həyatlarını qorxu və ümidlə – Allahın əzabından qorxaraq, gözlənilən rəhmətinə ümid edərək yaşayırdılar. “Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını verənlər” (“Muminun” surəsi, 60) bilirdilər ki, dünyanın neməti və ya əzabı Axirətdə gözlənilənlərlə müqayisədə heç nədir. Bu düşüncə onları dünyanın aldadıcı həzzlərindən və ağrılı-acılı məşəqqətlərindən uzaqlaşdırırdı. Və yalnız bir istəklə yaşayırdılar – Allahın qarşısına alnıaçıq çıxmaq...

5. Quran

Müsəlmanların yaşadıqları bu çətin və əzablı anlarda İslamın prinsiplərini müəyyən edən yeni-yeni ayələr nazil olurdu. Dəvətin əsas məğzini təşkil edən bu prinsiplər müsəlmanları dünyada ən yaxşı cəmiyyət – İslam cəmiyyətini qurmağa səsləyirdi. Ən əsası müsəlmanların arzu etdikləri Cənnətə nail olmaq bu prinsipləri uca tutmaqla, səbr və dözümlülük nümayiş etdirməklə mümkündür. Uca Allah buyurur: “Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: "Allahın köməyi nə vaxt gələcək?" - demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır!” (“Bəqərə” surəsi, 214). “Əlif, Lam, Mim! İnsanlar yalnız: "İman gətirdik!" - demələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!” (“Ənkəbut” surəsi, 1-3). Həmçinin, bu ayələr kafirlərə və inadkarlara qarşı tutarlı cavab idi. Bundan sonra onların deməyə sözləri qalmırdı. Çünki, onlar Allahın hikmət və bəlağət dolu sözləri qarşısında aciz idilər.

Qurani-Kərim digər cəhətdən müsəlmanlar üçün məlumat mənbəyi idi. Onlara kainatın yaradılışını, Allahın rəbliyini, ibadətə layiq tək tanrı olduğunu, mərhəmət və razılığını qazanma yollarını bəyan edirdi. Uca Allah müsəlmanlara xitabən buyurur: “Rəbbi onları Özündən bir mərhəmət (bağışlanma), razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələr” (“Tövbə” surəsi, 21) kafirlərin əməlləri ilə qazandıqları halı isə: “O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək: "Duyun Cəhənnəmlə təması!" (“Qəmər” surəsi, 48).

6. Qurtuluş müjdələri

Bunlarla yanaşı, müsəlmanlar işgəncələrə məruz qaldıqları ilk gündən bəri yaxşı bilirdilər ki, müsəlman olmaq çətinliklərə sinə gərib dözmək anlamına gəlmir. Əksinə, İslam dəvəti ilk gündən cahiliyyə adət-ənənəsini və batil inanclarını məhv etmək, insanları qullara ibadətdən Allaha ibadətə çıxarıb, dünyada Allahın razı qaldığı sivil, zülm olmayan ideal bir cəmiyyət qurmaq məqsədini öz üzərinə götürmüşdür.

Məlum olduğu kimi, müsəlmanlar ilk vaxtlarda dözülməz həyat sürürdülər. Bu ərəfələrdə keçmiş Peyğəmbərlərə və inananlara qarşı təzyiqlər olduğu haqda ayələr nazil olurdu. Sonra bu ayələrlə Məkkə müsəlmanları ilə kafirlər arasındakı vəziyyətlə oxşar olduğu bildirilir, müsəlmanlara güclü, iradəli və dözümlü olmaq məsləhət bilinirdi. Müsəlmanlar əmin idilər ki, bir vaxt zülm, küfr aradan qaldırılacaq və Allahın saleh qulları yer üzərində hakim olacaqlar. Həqiqətən də gələcəkdə Məkkə müşrikləri və onların inancları puça çıxacaq, müsəlmanlar isə İslam dəvətinin uğuru ilə qələbə çalacaqlar.

Bu ərəfədə Qurani-Kərim möminlərin qələbə çalacağı müjdəsini verdi: “And olsun ki, Peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz deyilmişdi: "Onlar mütləq qalib gələcəklər. Bizim əsgərlərimiz (möminlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!" Sən bir müddət onlardan üz çevir! Və onlara bax! Onlar mütləq görəcəklər! Onlar əzabımızın tezliklə gəlməsini istəyirlər? (O əzab) onlara yetişdikdə qorxudulanların sabahı necə də pis olacaq!” (“Saffat” surəsi, 171-177).

“Bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!” («Qəmər” surəsi, 45).

“Onlar (müşriklər) burada müxtəlif firqələrdən ibarət məğlubiyyətə uğrayacaq bir ordudurlar” («Sad” surəsi, 11).

Həbəşistana hicrət edənlər barəsində Uca Allah buyurur: “Zülmə məruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər!” (“Nəhl” surəsi, 41).

Səhabələr Yusif Peyğəmbərin hekayəsi barəsində soruşduqda Uca Allah bu ayəni nazil etmişdi: “Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır” («Yusuf” surəsi, 7). “Küfr edənlər Peyğəmbərlərinə dedilər: "Ya sizi yurdumuzdan çıxarıb qovacağıq, ya da mütləq dinimizə dönəcəksiniz!" Rəbbi də onlara belə vəhy etdi: "Biz o zalımları mütləq məhv edəcəyik! Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu (varislik), məqamından (qiyamət günü haqq-hesab üçün hüzurumuza durmaqdan) və əzabımdan qorxanlara aiddir!" («İbrahim” surəsi, 13-14).

Farslarla bizanslılar arasındakı müharibənin qızğın vaxtında kafirlər farsların müşrik olduğuna görə qalib gəlməsini istəyirdilər. Müsəlmanlar isə bizanslıların Allaha, onun Peyğəmbərlərinə, vəhyə, kitablara və axirət gününə iman gətirdikləri üçün onların qələbə çalmasını istəyirdilər. Bu müharibədə farslar qalib gəldilər. Lakin Uca Allah ayə nazil edərək bildirir ki, iki ildən sonra bizanslılar qalib gələcək. Uca Allah tək bu xəbəri verməklə kifayətlənmədi, həmçinin möminlərin yardım qazanacağını da müjdə verdi: “Rumlular (bizanslılar iranlılara) məğlub oldular. Ən aşağı bir yerdə. Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər. Bir neçə ilin içində... Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər; Allahın köməyi ilə” (“Rum” surəsi, 2-5).

Rəsulullah (s) özü də buna oxşar müjdələr söyləyirdi. Həcc mövsümündə, Ukaz, Məcənnə və Zil-Məcaz kimi insanların gur olduğu məkanlarda Allahın dinini təbliğ edir, iman gətirənləri təkcə Cənnətlə müjdələmirdi, həm də onlara bütün aydınlığı ilə deyirdi: Ey insanlar! “Lə ilahə illallah” deyin ki, nicat tapasınız, o kəlmə ilə ərəbləri birləşdirib əcəmləri öz dininizə tabe edə biləsiniz! Ölsəniz də Cənnəti qazanmış halda dünyadan köçəcəksiniz!” (İbn Səd 1/216). Onlardan yalnız bir kəlmə istənilirdi ki, onunla nəinki ərəbləri, həmçinin başqa millətləri İslam dininin ətrafında birləşdiriləcəklərdi.