Özünə inam, yoxsa xudbinlik?

Sayta qoyulub: 09:34 03.05.2013 [1708 dəfə oxunub]

İnsanı uğura aparan özünə inam hissi həddindən artıq çox olduqda onu xudbinliyə (təkəbbürlüyə) təşviq edir. Müəyyən nizama diqqət etmək, “Ənə”nin (mənlik) yaradılma hikmətini dərk etməklə əlaqəlidir.

Mənlik hissi, başqa sözlə, “ənə” Allahın öz sifətlərini dərk etmələri üçün bəndələrinə bəxş etdiyi bəlkə də ən böyük nemətdir. Müəyyən vasitə kimi bizə təqdim edilən “ənə”, həqiqəti əldə etməkdə istifadə olunduğu kimi insanı təkəbbürə də aparır. Digər tərəfdən, yaşadığımız dövrdə tez-tez rastlaşdığımız “Özünə inamın qədərsən” düşüncəsi inananları çətinliyə salır. Özünə inam, ictimai hayatda möhkəm olmaq üçün tələb edilən xüsusiyyət olsa da insanın, əlində olanlara görə hər şeyə qadir olduğunu güman etməyə başlaması həddi aşılmasına səbəb olur. İnsanlar, özünə inam adı altında kiçik dünyalarının hökmdarlığını elan edərkən, təkəbbürə düşənlərin sayı da getdikcə artır. Allaha inam və ibadətdə həddi aşmamaq isə mənlik hissinin verilmə səbəbini dərk etmənin əsasını təşkil edir.

Allaha doğru aparan açar: “Ənə”

Özümüzlə bir ömür keçirmək və hayatda möhkəm dayanmaq üçün ehtiyacımız olan cəhətlərdən biri də özünə inam hissidir. İnsanın qavrayışı ilə bağlı müsbət düşüncələr bildirməsi, hayatı asanlaşdıran amildir. Xudbinlik isə özünə inamın növbəti mərhələsi kimi qəbul edilir. Lakin aralarındakı fərq çox böyükdür. Əlində olanların Allah tərəfindən verildiyini bilmək məsələsinə gəldikdə, özünə inanan insan, əlində olanların və ya bacardıqlarının Allah tərfindən olduğunu düşündüyü halda, xudbin insan bunları şəxsi xüsusiyyətlərilə əlaqələndirir, bunları özünün etdiyini fikirləşir. Özünə inam hissi, “Allah ağıl və qabiliyyət verdi, mən də işləyib nə isə əldə edirəm.” dedirtdiyi halda, xudbin insan, əldə etdiklərinin yalnız öz qabiliyyətlərindən irəli gəldiyni güman edir, təkəbbürlüyə qapılır. Bununla yanaşı özünə inam, insanın öz uğursuzluğunu, səylərinin azlığında axtarmasına səbəb olduğu halda, xudbinlik hissi insanı, bu səbəbləri xarici amillərdə axtarmağa sövq edir. Buna görə də birinci hal uğursuzluqdan nəticə çıxarmağı və səhvləri düzəltməyi asanlaşdırır, ikinci hal isə səhvləri təkrarlamağa səbəb olur.

Digər tərəfdən, Allahın öz bəndələrinə verdiyi mənlik hissinin bir çox başqa hikmətlərinin olmasına da etinasız yanaşmaq olmaz. Bədiuzzamanın “Ənə” adlı risaləsində “Dünyanın açarı insanın əlindədir və nəfsinə taxılıb.” fikrilə qeyd etdiyi kimi “ənə” hissi düzgün istifadə olunduqda insanı kainatın sirrinə aparıb həqiqətin qapılarını açmağa sövq edir. Çünki Allahla bağlı insanlarda yaranan bütün sualların cavabı “ənə”də gizli haldadır. Sonsuz olan Allahın bilinməsi, bəndələrinə verdiyi kiçik çəyirdək olan “ənə”dən başlayır. Lakin bu çəyirdəkdən iman qədər təkəbbürlük də yaranır. İnsanın yalnız çəyirdəyin gözəlliyinə diqqət etməsi onun sonsuzluğa çatmasının yolunda müəyyən maneədir. İnsanın okeanda bir damcı olduğunu və necə damcı olduğunu dərk etməsi onun ən əvvəl Allaha, sonra isə özünə inanmasına səbəb olarkən, damcı olduğu halda özünü okeanda güman etmək insanı dövrümüzün xəstəliklərindən biri olan xudbinliyə təşviq edir.

Xudbinlik əlamətləri

Özünü haqlı hesab etmək: Yeganə həqiqətin yalnız öz bildikləri olduğunu düşünürlər. “Mən bilirəm” tərzindən istifadə edərək fikirlərinin doğruluğunu qarşısında olana qəbul etdirməyə çalışırlar.

Öyünmək: Malik olduqlarını hesab etdikləri və qürurlandıqları varlılıq, gözəllik, vəzifə, təhsil və mədəniyyətlərindən tez-tez danışıb buna görə öyünməkdən zövq alır, bütün bir zaman əllərindən alınacağını heç düşünmürlər.

Diqqəti cəlb etmə səyləri: Cəmiyyətdə hörmət qazanmaq üçün irəli çıxmağa və hamıdan üstün olduqlarını sübut etməyə çalışırlar. Öz nəfslərini razı salmaq üçün başqalarının diqqətinə ehtiyac hiss edir, başqalarının razılığını, Allahın razılığından üstün hesab edirlər.

Səhv etmə qorxusu: Səhv etməyi özlərinə yaraşdırmır, səhv etmələrinin mümkün olmadığını düşünürlər. Ən kiçik səhvlərlə başqalarının gözündə alçalmaqdan qorxurlar.

Tənqidə razı olmamaq: Təkəbbürlük və qürurları səbəbilə onlara qarşı olan tənqidləri qəbul etmir, tənqid olunduqda və ya tənqidi qəbul etdikləri zaman nüfuzlarını itirəcəklərinə inanırlar. Başqasına qulaq asmır, ibrət almır, inandıqlarından əl çəkmirlər.

Geri qalma kompleksi: Xudbinlik, bəzi üstün xüsusiyyətlərə malik olan insanlarla yanaşı, həmin xüsusiyyətlərin olmadığı insanlarda da vardır. Bu insanlar Allahın başqalarına bəxş etdiyi, lakin ona bəxş etmədiyi nemətlərə görə məyus olur, neməti bəxş etməyin Allah aid olduğunu düşünmürlər.

Zülmət gecədə qarışqanın ayaq səsi

Bəzi insanlarda xudbinlik hissi özünü müəyyən şəxsi keyfiyyət kimi göstərsə də “ənə” hissilə yaradılan insanın bu məsələdə günahsız olduğunu bildirməsi mümkün deyildir. İnsanın, imanlı və ya təvazökar olmasına görə özü haqqında ürəyindən keçirdiyi düşüncə də onun qarşısına uçurum kimi çıxır. Belə ki, hədisi-şərifdə də buyurulduğu kimi, təkəbbürlü olmadığına görə öyünmə, çünki bu mənfi hiss, zülmət gecədə qara daş üzərində sakit hərəkət edən qarışqanın ayaq səsindən daha gizlidir.