Təvvəssül nədir?

Sayta qoyulub: 09:16 03.05.2013 [1828 dəfə oxunub]

Uca Allaha Onun razı qalacağı əməllərlə yaxınlaşmaqdır

«Filankəsin üzü suyu hörmətinə, filankəs ağaya görə» dua etmək doğrudurmu?

Təvəssül ərəb dilində sözdür, mənası «yaxınlaşmaq və vəsilə» deməkdir. Vəsilə isə istəyə və məqsədə çatdıran vasitədir. Təvəssül dini mənada Uca Allaha Onun razı qalacağı əməllərlə yaxınlaşmaq deməkdir.

Quranda təvəssülün mənası

Alimlərin təfsirlərini diqqətlə düşünən insan təvəssülün Allaha gözəl əməllərlə yaxınlaşdırmaqdan başqa mənasının olmadığını görəcək. Təvəssül Quranda «Maidə» və «İsra» surələrindəki iki ayədə qeyd edilib. Uca Allah belə buyurur:

“Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə (yol) axtarın. Allah yolunda cihad edin ki, nicat tapasınız!” («Maidə» surəsi, 5/35).

“Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!” («İsra» surəsi, 17/57).

Birinci ayənin təfsiri ilə bağlı müfəssirlərin imamı Hafiz İbn Cərir ət-Təbəri (310/922) belə deyib: “Allahdan qorxun!”, yəni sizə verdiyi əmr və qadağalarında Onun dəvətinə itaət edib cavab verin “və Ona vəsilə axtarın”, yəni Onu razı salacaq əməl ilə yaxınlaşmanın yollarını axtarın.” (Təfsirut-Tabəri, 4/566). Bunun mənası həmin ayənin ardınca işlədilən “(Allah) yolunda cihad edin ki, nicat tapasınız!” ifadəsindən aydın olur.

Hafiz İbn Kəsir (774/1372) İbn Abbasdan (68/687) ayədəki “vəsilə” sözünün yaxınlaşmaq mənasına gəldiyini nəql edir. Bu izahatın eynisi bütün müfəssirlər tərəfindən nəql edilib (Təfsirul-Quranil-Azim, 2/55).

Peyğəmbərin (s) səhabələrindən olan Abdulah b. Məsud (32 və ya 33/652 və ya 653) ikinci ayənin mənasını izah edən nüzul səbəbini də qeyd edərək belə deyib: “Bəzi insanlar bəzi cinlərə ibadət edirdilər. Sonra həmin cinlər müsəlman oldular. Lakin digərləri əvvəlki dinlərinə bağlı qaldılar” (Səhih hədisdtr, Buxari (N: 4714, həmçinin bax. N: 4715); Təbəri “Təfsirut-Tabəri” (8/94-96); bax. İbn Kəsir “Təfsirul-Quranil-Azim”, 3/50).

Hafiz İbn Hacər (852/1448) belə deyib: “Yəni əvvəl cinlərə ibadət edən o insanlar cinlərə ibadət etməkdə davam etdilər. Halbuki cinlər bu ibadətlərindən razı deyildilər. Çünki müsəlman olmuşdular. Belə ki, Rəbblərinə yaxın olma yolunu axtarmağa çalışanlar onlar oldular” («Fəthul-Bari», 8/249).

Beləliklə, Buxarinin “Səhih”ində İbn Məsuddan (32 və ya 33/652 və ya 653) nəql etdiyi rəvayətdə açıq şəkildə bildirildiyi kimi, ayənin təfisirində güvənilən və əsas qəbul ediləcək izahat budur.

Ayədə həmçinin vəsilə ilə nəyin nəzərdə tutulduğu da çox açıq bildirilir: Bu, Allah Təalaya yaxınlaşdıran şeylərdir. Bu səbəbdən Allah: “axtarır” buyurmuşdur ki, bunun mənası da “onları Allaha yaxınlaşdıracaq doğru əməllər etmək istəyərlər” deməkdir.

Heç bir elm əhli hər iki ayədə qeyd edilən “vəsilə” sözü ilə yaradılanlardan hər hansı insanın şəni, məqamı və hörməti ilə yaxınlaşmanı nəzərdə tutduğunu deməyib. Belə olduğu halda, “...Ona vəsilə (yol) axtarın...” və “...hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır...” ayələrindəki vəsilə ilə peyğəmbərlərin, əməlisleh insanların məqamı və hörmətinə təvəssül etməyin nəzərdə tutulması iddiasının batil iddia olduğu üzə çıxır.

Təvəssülün növləri

Təvəssülün dini və bidət olmaqla, iki növü var.

Dini (dinə uyğun) təvəssül

Quran və sünnəyə müraciət etməklə dinə uyğun təvəssül üç yerə ayrılır:
1- Allah Təalaya Ona məxsus ad və sifətləri ilə təvəssül etmək.
2- Allah Təalaya doğru əməllərlə təvəssül etmək.
3- Allah Təalaya əməlisaleh müsəlmanın duası ilə təvəssül etmək.

İndi də bunları dəlilləri ilə birlikdə izah edək:

1 - Allah Təalaya Ona məxsus ad və sifətləri ilə təvəssül etmək: Müsəlmanın dua edərkən: “Ey Allahım, mən səndən Rəhman və Rəhim olduğun üçün mənə sağlamlıq verməyini diləyirəm” və ya: “Ey Allahım, mən səndən hər şeyi əhatə edən rəhmətinlə mənə mərhəmət etməyini, məni bağışlamağını diləyirəm” deməsi, yaxud buna bənzər Allah Təalaya gözəl adları və sifətləri ilə dua etməsi şəklində olur.

Belə təvəssülə Uca Allahın aşağıdakı ayəsi dəlildir:
“Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!” («Əraf» surəsi, 7/180).

Sünnədən olub, Hz. Peyğəmbərin istixarə namazında dedikləri bu sözləri dəlildir: “Allahummə inni əstaxirukə bi ilmikə va əstaqdiru bi qudrətikə va əsəlukə min fadlikəl-Azim». Mənası belədir: «Ey Allahım, mən sənin elminlə səndən xeyirli olanı istəyirəm. Qüdrətinlə mənə güc verməyini istəyirəm, sənin çox böyük lütfünü arzulayıram»” (Səhih hədisdir, Buxari (N: 1162, 6382, 7390)). Digər dəlil isə Rəsulullahın (s) bu duasıdır: “Ey diri və əbədi olan Allah! Rəhmətinlə köməyini diləyirəm” (Hasən hədisdir; Tirmizi, N: 3524; Nəsai “əs-Sunənul-Kubra” N: 10330).

2 - İman və doğru əməllərlə Allaha təvəssül etmək: Bu da Allah üçün və Onun dininə uyğun olan gözəl əməllərlə olur. Bu əməllərin sahibinin Allaha dua edərkən: “Ey Allahım, sənə olan imanım, sevgim və Rəsuluna tabe olmağım üçün məni bağışla”, - deməsi və dinə uyğun belə dualar etməsi buna misaldır.

Qurandan Allahın aşağıdakı ayəsini örnək göstərmək olar: “(Həvarilər dedilər: ) “Ey Rəbbimiz, bizə nazil etdiyinə (İncilə) iman gətirdik və peyğəmbərinə (İsaya) tabe olduq. Artıq bizləri (haqqa) şahid olanlarla bir yerdə yaz!” («Ali-İmran» surəsi, 3/53).

Sünnədən isə İbn Ömərin (74/693) mağaraya sığınan üç insanın qarşılaşdığı hadisə ilə bağlı rəvayət etdiyi hədis buna dəlildir. Onlar mağaraya girdikdən sonra bir qaya parçası mağaranın ağzına yuvarlanıb oranı bağlamışdı. Bundan sonra onlar yaxşı əməlləri ilə Allaha təvəssül etdilər. Birinci insan ata-anasına yaxşı davranmasını, ikincisi lazımi imkanlar olduğu halda günahdan uzaq olub namuslu davranmasını, üçüncü isə əmanəti və insanların haqqını verməsini vəsilə etmişdi. (Səhih hədisdir, Buxari N: 2215, 2272, 2333, 3465, 5974 və Muslim N: 2743/100). Digər dəlil də Bureydə b. əl-Husayb əl-Əsləminin (63/682) rəvayət etdiyi bu hədisdir: “Hz. Peyğəmbər buyurdu: “Ey Allahım! Mən səndən başqa heç bir haqq məbud olmayan Allah olmağına, doğmamış və doğulmamış, heç bir bənzəri olmayan tək olduğuna, heç nəyə möhtac olmadığına şahidlik edib səndən istəyirəm” (Səhih hədisdir, Əhməd 5/349, 350, 360; Əbu Davud N: 1493, 1494; Tirmizi N: 3475).

3 - Əməlisaleh müsəlmanın duası ilə Allaha təvəssül: Bu, bir müsəlmanın böyük çətinliyə və çıxılmaz vəziyyətə düşüb əməlisaleh və təqvalı müsəlmanın yanına gedərək onun üçün Rəbbinə dua etməsini istəməsidir.

Duası ilə təvəssül edilən insan müsəlman olmalı, doğru əmələ malik və dua edəcək gücdə olmalı, buna görə də heç bir məbləğ almamalıdır.

Sünnə və səhabələrin davranışları buna dəlildir. Sünnədən buna dəlil Ənəs b. Malikin (93/711) nəql etdiyi, bir cümə günü Hz. Peyğəmbərin xütbə oxuduğu əsnada bədəvi ərəbin davranışı ila bağlı rəvayətdir. Bu insan Hz. Peyğəmbərdən onlar üçün Allah Təalaya dua edib quraqlıqdan sonra yağış yağdıraraq köməklərinə yetişməsini diləmişdi. Hz. Peyğəmbər də əllərini göyə qaldırıb onlar üçün dua etdi və yağış yağdı. (Səhih hədisdir. Buxari, N: 932, 933, 1013, 1019, 1021, 1029, 1033, 3582, 6093, 6342; Muslim, N: 897).

Səhabələrin həyatından dəlil: Hz. Peyğəmbərin vəfatından sonra Ömər (23/643), Abbas b. Abdulmuttalibə Allaha yağış yağdırması üçün dua etməsini demişdi (Buxari, N: 1010,3710). Buradakı “yağış yağma istəyi”, yəni yağış yağdırması üçün Allaha dua etməsini bildirmiş və bunun üçün də: “Dua et, eyAbbas” demişdir.

Səhifəni hazırladı: Elşad PAŞAOĞLU