Vaxtı öldürmək yox, diriltmək lazımdır...

Sayta qoyulub: 10:01 02.05.2013 [1377 dəfə oxunub]

Əkin günləri olan dünya günlərində, məhsul toplama günü olan axirət günlərini düşünmək lazımdır.

Dünyada hər peşə sahibinə, onun gördüyü işə əsasən məvacib verilir. Fəhlənin məvacibi fərqli, təhsil işçisinin məvacibi fərqli, həkimin məvacibi isə fərqlidir. Lakin Allahın razılığını qazanmaq üçün keçirilən zamanın mükafatı bunlardan heç birilə müqayisə edilmir. Çünki belələrinin mükafatını nə göz görmüş, nə qulaq eşitmiş, nə də ağıl xəyal etmişdir.

“And olsun axşam çağına ki...” («Əsr» surəsi, 103/1).

Vaxt su kimi axıb gedir. Gecə və gündüz, aylar və illər dayanmadan bir-birinin ardınca keçir. Qələbə günləri insanlar arasında sıra ilə bölüşülür. Gah bir zümrə, gah da digəri gülür («Ali-İmran» surəsi, 3/140). Lakin nəticə dəyişmir. İnsan sonda, bu dünyadan ayrılmaqdan və torpaq olmaqdan xilas olmur.

Əfsanəvi qüdrətə malik olan nə qədər insan yer üzündən gəlib getdi. Sanki onlar heç bu torpaqlarda yaşamayıblar. Onların yerində indi yellər əsir. Təəssüf ki, bu gün də insan onlardan ibrət almır, yer üzünün əsas sahibi kimi hərəkət edir. Lakin sonda onun aqibəti də yalnız torpaq olmaqdır.

Zaman, dayanmadan fırlanan dəyirman kimidir, növbəsi gələni üyüdür. Belə ki, ərəb şeirlərindən birində zamanın bu cəhəti belə ifadə edilir: “Zaman daim gecə və gündüzü üzərimizə salır, nəticədə biz yox olub gedirik, lakin o davam edir”.

İnsan zaman adlanan çayın axarına qapılmış, sürətlə qiyamətə doğru, qədərimiz olan sonluğa doğru hərəkət edir. Belə ki, Əli (r) bizlərə bu mənalı sözləri çatdırır: “Dünya hər an bizdən uzaqlaşır, axirət isə hər an yaxınlaşır” (Buxari, Riqaq, 4).

İnsan, sürətlə hərəkət edən zamanı dayandıra bilməz. O, mütləq sonsuzluğa doğru getməlidir. Çünki zamanı qaytarmaq və ya zaman lentini geriyə sarımaq insanın əlində deyil («Muminun» surəsi, 23/100). Belə ki, Quran, qarşısıalınmaz hesab günü gəlməzdən əvvəl, insanın Rəbbinə yönəlməsilə bağlı xəbərdarlıq edir (“Şura” surəsi, 42/47).

Biz bu dünyaya müvəqqəti olaraq, müəyyən müddətə göndərilmişik. Buraya gəlməyimiz əlimizdə olmadığı kimi, buradan getməyimiz də əlimizdə deyil. Bizə müəyyən fürsət verilmiş, biz də bunu yaxşı qiymətləndirməliyik. Çünki məhdud olan ömür diqqətli şəkildə yaşandıqda əbədi gözəlliklərə nail olmağımıza səbəb olacaq. Bu baxımdan, yaşadığımız bu həyatın hər dəqiqəsi deyil, hər saniyə və daha azı da çox əhəmiyyətlidir.

Bu həyatda daxil olduğumuz peşə və sənət imtahanlarında mümkün qədər qüvvəmizdən istifadə edib zamanla yarışır, onu ən gözəl formada qiymətləndirmənin yollarını axtarırıq. Bir sözlə, vahid zamanda daha çox iş görməyin çarəsini axtarırıq.

Belə ki, daxil olduğumuz bu həyat imtahanında da zamanı qiymətləndirmək çox əhəmiyyətlidir. Peyğəmbərimiz (s) bununla bağlı belə buyurur: “Beş şey gəlməzdən əvvəl, beş şeyin dəyərini yaxşı bilməlisən; Yaşlı olmamışdan əvvəl gəncliyinin, xəstəliyindən əvvəl sağlamlığının, yoxluğundan əvvəl varlığının, məşğuliyyətindən əvvəl boş vaxtının və ölümündən əvvəl həyatının” (Hakim, Mustədrək, IV, 341).

Zamanı dəyərləndirmə şüuruna malik olmalıyıq. Belə ki, Quran, Rəsulullahın simasında bizə belə xəbərdarlıq edir: “Elə ki azad oldun, qalx (çalış)!” (“İnşirah” surəsi, 94/7). Yaşadığımız anlar, sabah qarşımıza ya sonsuz xilas və xoşbəxtlik kimi, yaxud (Allah qorusun!) bədbəxtlik və məyusluq kimi çıxacaq.

Allaha inanmaq və ibadət düşüncəsinin meyarlarından biri də zamandan istifadə etmək həssaslığıdır. Bu baxımdan mömin özünə, “Mən bu gün Allah üçün nə etdim” sualını verən və bunu düşünən insandır. O, dininə, dünyasına faydası olmayan işlər gördüyünə görə narahat olur, həmçinin inandığı dəyərləri ucaltmayan, keçirdiyi boş vaxta görə özünü yaxşı hiss etmir.

Əbədi xilasa nail olan möminin xüsusiyyətlərindən biri də bütün boş və mənasız işlərdən uzaq olmaqdır («Muminun” surəsi, 23/3). Bu, surənin əvvəlində namazdan sonra ikinci sırada qeyd edilir. Bu səbəbdən, hər iki ayə arasında belə bir münasibət yaratmaq mümkündür: Müəyyən vaxtlarda nizamlı şəkildə qılınan beş vaxt namaz, möminlərə proqramlı şəkildə yaşamaq düşüncəsi verir. Həcc və ramazan ibadətləri də müəyyən vaxt və saatlarda olduğuna görə belə bir şüurun yaranmasına təsir edir.

Möminin nəzərində, yaşanılan anların dəyəri başqa heç nə ilə müqayisə edilmir. Bu baxımdan zaman, ən böyük xəzinədir. Lakin insan bunun qiymətini bilmir. Rəsulullah (s) bu mübarək sözlərində buna işarə edir: “İki nemət vardır ki, insanların çoxu onları qiymətləndirmədə aldanmışdır: Sağlamlıq və boş vaxt” (Buxari, Riqaq, 1).

Zamana etinasız yanaşan mömində müəyyən hesablama düşüncəsi yoxdur. Çünki mömin, zamanını Allaha ibadət şüuru ilə keçirərək dünyanın maddiyyatı ilə müqayisə edilməyəcək nemət və gözəlliklərə nail olacağına ürəkdən inanır.

Allah dərgahında insan, öz əmək və səylərindən başqa heç nə əldə etmir (“Nəcm” surəsi, 53/39). Onun əbədi dünyada qazanacağı mükafat və ya məqamı da bundan asılıdır. Dünyada hər peşə sahibinə, onun gördüyü işə əsasən məvacib verilir. Fəhlənin məvacibi fərqli, təhsil işçisinin məvacibi fərqli, həkimin məvacibi isə fərqlidir. Lakin Allahın razılığını qazanmaq üçün keçirilən zamanın mükafatı bunlardan heç birilə müqayisə edilmir. Çünki belələrinin mükafatını nə göz görmüş, nə qulaq eşitmiş, nə də ağıl xəyal etmişdir.

İşləyən və zamanını dəyərləndirən cəmiyyətlər, inkişaf və irəliləyişdə digər millətləri daim arxada qoyub. Bu, ictimai qanundur. Bu baxımdan, zamanın dəyərləndirilməsi həm şəxs, həm də cəmiyyətlər üçün çox əhəmiyyətlidir. Haqq dininə mənsub olub-olmamasından asılı olmayaraq, bu qaydaya əməl edən inkişaf edir, əməl etməyənlər isə geri qalır və digərlərinin nəzarətinə keçirlər. Belə ki, bu sahədə aparılan araşdırmalar, inkişaf etmiş cəmiyyətlərlə geri qalan cəmiyyətlər arasındakı ən əhəmiyyətli fərqlərdən birinin, zamandan istifadə etmə tərzilə əlaqəli olduğunu göstərir.

Şübhəsiz ki, həm dünya, həm də axirətini əldə edənləri zamanlarını yaxşı dəyərləndirənlərdir. Bu səbəbdən, uğur üçün ən əhəmiyyətli şərtlərdən biri də zamanın nizamlanmasıdır. Belə ki, dünya səviyyəsində elm, sənət, siyasət və iqtisadiyyat sahələrində yüksələn bəzi şəxsiyyətlər bunu etiraf edir, uğurlarını ağıl və qabiliyyətlərinə deyil, zamandan planlı şəkildə istifadə etmələrinə əsaslandırırlar. Deməli, qeyri-adi ağıla malik olmayan insanlar da vaxtlarını düzgün dəyərləndirsələr böyük uğurlar qazana bilərlər.

İnsan, bu dünyada keçən günlərini axirətə hazırlıq kimi qəbul etməlidir. Keçən hər an, qarşılaşacağımız, qədərimizdə müəyyən edilmiş hesab gününün çətinliklərini arxada qoymaqda müəyyən vasitə olmalıdır. Yaşadığımız günlər yalnız bir gün üçün hesablanmalı, həmin gündə üzlərin parlaq olmasına və ilahi rəhmətlə əhatə olunmasına zəmanət olmalıdır («Ali-İmran” surəsi, 3/107).

Mömin, son gündə onu əhatə edəcək nurun bu dünyadan aparılacağını yaddan çıxarmamalıdır (“Hədid” surəsi, 57/12-13). Bir sözlə, əkin günləri olan dünya günlərində, məhsul toplama günü olan axirət günlərini düşünmək lazımdır.