Muhəmməd peyğəmbərin həyatı...

Sayta qoyulub: 09:08 02.05.2013 [1377 dəfə oxunub]

Məkkənin xaricində islam dəvəti

Səfiyyur Rəhman ƏL-MUBARƏKFURİ

Rəsulullah (s) Taifdə

Peyğəmbərliyin onuncu ilinin şəvval ayında (miladi təqvimlə, 619-cu ilin mayın axırları iyunun əvvəllərində) Peyğəmbər (s) insanları Allahın dininə dəvət etmək üçün qulluqçusu Zeyd bin əl-Harisə ilə Məkkədən təxminən 60 mil uzaqlıqda yerləşən Taifə üz tutdu. Taifə qədər yol qırağında olan bütün qəbilələrə baş çəkib onları İslama çağırdı. Lakin bu çağırışa bir nəfər də olsa cavab verən olmadı.

Taifə çatdıqda Rəsulullah (s) buranın qabaqcıl insanları olan Abdu Yalil, Məsud və Həbib adlarında üç qardaşla görüşüb onları Allahın dininə dəvət etdi və İslama kömək etmələrini xahiş etdi. Onlar - Amr bin Umeyr əs-Səqəfinin oğulları- Rəsulullaha (s) tərs cavab verdilər. Birincisi dedi: “Əgər Allah səni bir elçi kimi göndəribsə, onda gərək Kəbənin parçaları söküləydi.” İkincisi: “Allah başqa bir adam tapmadımı göndərsin?.” Üçüncüsü: “Əgər sən həqiqi Peyğəmbərsənsə, səninlə heç vaxt danışmazdım, danışmaqdan qorxardım. Yox, əgər Allahın adından yalan danışırsansa, səninlə bir yerdə oturmağa dəyməz” – dedi. Onların tərs münasibətlərindən sonra Rəsulullah (s) onlardan ayrıldı.

Rəsulullah (s) Taif camaatı arasında qaldığı on gün içərisində dəvət etmədiyi qəbilə başçıları qalmadı. Bu müddət ərzində nəinki ona dəstək verən tapılmadı, hətta onun yanına gəlib “Bizim yurdumuzdan çıx!”, - deyənlər də oldu. Bununla kifayətlənməyib Rəsulullah (s) Taifdən çıxmaq ərəfəsində olarkən yerli əhali insanlığa yaraşmayan tərzdə onun arxasınca düşüb söyməyə, arxasınca daş atmağa başladılar. Atılan daşların ayaqlarında açdığı yaralardan sızan qan ayaqqabılarına dolmuşdu. Zeyd bin əl-Harisə özünü qabağa verib Rəsulullahı (s) qorumağa çalışırdı ki, atılan çoxsaylı daşlardan onun başı yarıldı. Nəhayət, Rəsulullah (s) Taifdən üç mil uzaqlıqdakı Utbə bin Rəbiə və qardaşı Şeybə bin Rəbiəyə məxsus bir bağda sığınacaq tapıb daşlanmaqdan xilas ola bildi. Rəsulullah (s) burada bir çardağın kölgəsində divara söykənib oturdu. Bir az rahatlıq hiss etdikdən sonra dəvətini bir nəfərin də qəbul etməməsindən kədərlənərək qəlbini bürümüş kədəri boşaltmaq üçün dua etdi:

“Allahım! Gücsüzlüyümə, çarəsizliyimə və insanların məni saymadıqlarına görə yalnız Sənə şikayət edirəm. Ey mərhəmətlilərin ən mərhəmətlisi, Sən şübhəsiz ki, əzilmişlərin Rəbbisən və mənim də Rəbbimsən! Məni kimə həvalə edirsən? Sən məni pis niyyətli düşmən əlinə heç vaxt təslim etməzsən! Allahım, əgər mənə qarşı qəzəbin yoxdursa, olanlara görə heç fikirləşmirəm. Lakin sənin afiyətin mənim üçün daha genişdir. Qəzəbinə tuş gəlməkdən və razı qalmadığın şeylərə hədəf olmaqdan, bütün qaranlıqlara aydınlıq gətirən, dünya və axirət işlərinin bilavasitə bağlı olduğu sənin nuruna sığınıram. Sən razı oluncaya qədər əfvini diləyəcəyəm. Bütün güc və qüvvət ancaq Səndədir.”

Rəbiə oğulları onun bu vəziyyətini görüb yazıqları gəldi. Xristian olan Addas adında qulluqçuları ilə Rəsulullaha (s) bir salxım üzüm göndərdilər. O (s) isə üzümü əlinə alaraq “bismilləh” – “Allahın adı ilə” dedi və yeməyə başladı. Addas dedi: “Bu sözü buranın camaatı heç demir.” Rəsulullah (s) buyurdu: “Sən haralısan və hansı dinə mənsubsan?” Addas Ninovalı bir xristian olduğunu söyləyərkən Allah Rəsulu (s) buyurdu: “Deməli, sən saleh bir insan olan Yunis bin Mettanın olduğu diyardansan.” Addas soruşdu: “Sən Yunis bin Mettanı haradan tanıyırsan?” Rəsulullah (s) buyurdu: “O, mənim qardaşımdır. O, Peyğəmbər idi, mən də Peyğəmbərəm.” Bunu eşidən Addas Peyğəmbərin üzündən, əllərindən və ayaqlarından öpməyə başladı.

Rəbiənin oğlu qardaşına dedi: “Qulluqçunu sənin əleyhinə qaldırdı.” Addas Allah Nəbisinin (s) yanından qayıtdıqda qardaşlar ondan soruşdular: “Vay sənin halına, bu etdiyin nədir?” Addas: “Ey ağa, yer üzərində ondan daha xeyirli bir insan yoxdur. Mənə indicə elə bir söz söylədi ki, onu yalnız Peyğəmbər bilə bilər”,- cavabını verdikdə, qardaşlar dedilər: “Vay sənin halına, səni dinindən döndərməsin! Sənin dinin onun dinindən daha xeyirlidir” (İbn Hişam 1/419-421).

Rəsulullah (s) həmin ərazidən ayrılıb Məkkəyə qayıtmaq üçün kədərli və yaralı halda yola düzəldi. Qarnul-Mənəzil ərazisinə çatdıqda Uca Allah Cəbrayıl və dağlara cavabdeh olan mələyi ona göndərdi.

Buxari Urva bin Zubeyrə istinad edərək bu barədəki rəvayəti belə xatırladır: Bir gün Aişə (Allah ondan razı olsun!) Peyğəmbərdən (s) soruşur: “Sənin həyatında Uhud günündən daha acınacaqlı bir gün olubmu?” Rəsulullah (s) buyurdu: “Qövmümdən çox şey görmüşəm. Qarşılaşdığım ən kədərli hadisə Aqəbə günü baş vermişdi. Özümü İbn Abdu Yalil bin Abdu Kilələ təqdim etdiyimdə, istədiklərimi onda tapa bilmədim və kədərli halda onun yanından əli boş qayıtdım. Qarnis-Səalibə (Qarnil-Mənəzil) gələnə kimi çox əziyyət çəkdim. Ora çatdıqda başımı qaldıranda gördüm ki, sanki bir bulud məni öz kölgəsinə alıb. Sonra Cəbrayılın mənə səslənməsini eşitdim: “Allah qövmünün sənə etdiklərini və dediklərini eşitdi. İstədiyin kimi əmr edəsən deyə, sənə dağlara cavabdeh olan mələyi göndərdi.” Sonra dağlara cavabdeh olan mələk mənə səslənib salamladı və dedi: “Ey Məhəmməd, mənə istədiyini əmr et! Əgər istəsən Məkkənin bu uca dağlarını onların başlarına keçirərəm.” Mələyin sözlərinə cavab olaraq Rəsulullah (s) buyurdu: “Əksinə, mən Rəbbimdən onların zürriyətindən tək Allaha ibadət edib Ona heç nəyi şərik qoşmayan kimsələrin çıxmasını ümid edirəm” (“Səhih Buxari” hədis; 3231, 7389 “Fəthul Bari” 6/360 “Səhih Müslim” “Rəsulullahın (s) müşriklər və münafiqlər tərəfindən məruz qaldığı əziyyətlər” fəsli 2/109).

Rəsulullahın (s) verdiyi bu cavabda onun yüksək keyfiyyətə malik şəxsiyyəti və incə məqamları belə nəzərindən qaçırmayan düşüncə qabiliyyəti adamda heyrət doğurur.

Allah qatından gələn bu ilahi köməklə Allah Rəsulunun (s) üzündəki qəm-qüssə yox oldu. O, Məkkə yolu üzərindəki Xurma vadisində dayandı və bir neçə gün orada qaldı. Həmin vadidə yaşamaq və ya istirahət etmək üçün Seylul-Kəbir və Zeymə adlanan bol suyu və münbit torpağı olan iki yararlı məskən var idi.

Rəsulullah (s) orada qaldığı müddətdə Uca Allah ora bir qrup cin (Bax; “Səhih Buxari” “Namaz kitabı” Fəcr namazının səslə deyilməsi fəsli 1/195) göndərdi. Bu hal Quranın iki yerində qeyd olunur. “Onu da xatırla ki, bir zaman bir dəstə (ona qədər) cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə (yaxud sənin yanında) hazır olduqda (bir-birinə): "Qulaq asın!" - dedilər və (Quran oxunub) qurtardıqdan sonra (həmcinslərini Allahın əzabı ilə) qorxudanlar sifətilə öz qövmlərinin yanına qayıtdılar. (İşə bax ki, cinlər Quranı eşidib ona iman gətirdikləri halda, bu müşriklər hələ də ondan üz döndərirlər). Onlar dedilər: "Ey qövmümüz! Biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri (Tövratı, İncili, Zəburu və səhifələri) təsdiq edən, (Allahın bəndələrini) haqqa və düz yola (islam dininə) yönəldən bir Kitab dinlədik! Ey qövmümüz! Allahın carçısını (Muhəmməd əleyhissəlamı) qəbul edin və ona iman gətirin. Allah (qiyamət günü) günahlarınızdan keçər və sizi şiddətli əzabdan xilas edər!” («Əhqaf” surəsi, 29-31) Və «Cinn” surəsində “De: "Mənə vəhy olundu ki, bir dəstə cin dedilər: "Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Quran eşitdik. O, (xalqa) haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.” («Cinn” surəsinin 15-ci ayəsinə qədər).

Bu ayələrdən və təfsir kitablarında qeyd olunan rəvayətlərdən aydın olur ki, cinlər gəlib Qurana qulaq asdıqları vaxt Rəsulullah (s) bundan xəbərsiz idi. O, (s) yalnız Uca Allah bu ayələri nazil etdikdən sonra xəbərdar olmuşdu. Bu, cinlərin ilk dəfə Quranı dinləmələri idi. Ancaq bundan sonra dəfələrlə eyni hadisə təkrarlanmışdı.

Həqiqətən, bu hadisə Uca Allahın öz gizli xəzinəsindən Ondan başqa heç kəsə məlum olmayan ordusu ilə Peyğəmbərə (s) əta etdiyi kömək idi. Bu hadisə barəsində ayələrin nazil olması Peyğəmbərin (s) dəvətinin uğur qazanmasına və heç bir gücün bu uğura mane ola bilməyəcəyinə bir işarə idi. “Allahın carçısını qəbul etməyən (bilsin ki) yer üzündə qaçıb canını Ondan (Onun əzabından) qurtara bilməz və ona Allahdan başqa kömək edən dostlar da tapılmaz. Belələri açıq-aşkar (haqq yoldan) azmışlar!” (“Əhqaf” surəsi, 32). “Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan (Allahın əzabından) canımızı qurtara bilmərik.” («Cinn” surəsi, 12).

Rəsulullahın (s) Taifdən çıxdığı vaxtdan bəri üstünü almış hüzn buludu bu köməyin və müjdənin qarşısında yox olmağa başladı. Hətta İslam dəvətini yenidən daha fəal, daha ciddi və daha çox ruhyüksəkliyi ilə etməyə, Allahın risalətini ölüncəyə qədər davam etdirmək üçün Məkkəyə qayıtdı.

Həmin vaxt Zeyd bin əl-Hərisə ona dedi: “Qureyş səni çıxardığı halda sən yenidən necə qayıdacaqsan?” Rəsulullah (s) buyurdu: “Ey Zeyd, Allah sevinc və çıxış yolu da göstərmişdir. O, Öz dininə kömək edər, Peyğəmbərini rüsvay etməz.” Sonra Rəsulullah (s) Məkkəyə yaxınlaşıb Hira mağarasında dayandı və Xüzaə qəbiləsindən bir nəfəri Əxnəs bin Şəriqin yanına göndərdi ki, onu himayə etsin. O, Qureyşlə ittifaq bağladığını və Onu himayə edə bilməyəcəyini bildirdi. Rəsulullah (s) Süheyl bin Amra da eyni adamı göndərib eyni xahişi etdi. Lakin Süheyl də ona eyni cavabı verdi. Sonra Rəsulullah (s) Mutim bin Adiydən kömək istədi. Mutim onun xahişinə razılıq verib silahlanaraq öz dəstəsi və oğulları ilə Allah Rəsulunu (s) qarşılamağa getdilər. Rəsulullahı (s) və Zeyd bin əl-Harisəni yanında Kəbənin ətrafına gətirən Mutim Qureyşə səsləndi: “Ey Qureyş camaatı! Məhəmməd mənim himayəmdədir. Ona heç biriniz toxunmayın!” Rəsulullah (s) Kəbəni təvaf edib iki rükət namaz qıldı. Sonra Mutim və oğullarının silahları kölgəsində evinə qayıtdı.

Deyilənə görə, Əbu Cəhl Mutimdən soruşmuşdu: “Sən onu himayənə aldın, yoxsa müsəlman oldun?” Mutim Rəsulullahı yalnız himayəsinə aldığını söyləyəndə Əbu Cəhl demişdi: “Sənin himayənə aldığını biz də himayəmizə almışdıq” (İbn Hişam 1/381 “Zədul-Miad” 2/46-48).

Ərəb dilindən tərcümə edən: Tural SADIQLI