Biz hara gedirik?

Sayta qoyulub: 09:00 02.05.2013 [1173 dəfə oxunub]

"Biz hara gedirik?". Məqaləmizi belə adlandırmağımız təsadüfi deyil. Hazırda hər gün cəmiyyətdə üzləşdiyimiz xoşagəlməz hadisələr bizi bu sualı verməyə məcbur edir. Cəmiyyətimizdə dini, əxlaqi, mənəvi və s. dəyərlər elə səviyyəyədə istiqamət götürüb ki, bizcə, artıq həyəcan təbili çalmaq vaxtıdır.

Doğrudur, insan övladı xətadan uzaq deyil. Hər kəs xəta edə bilər. Xəta etməmək yalnız Uca Allaha məxsusdur. Amma gərək etdiyimiz xətaları anlayaq və onları təkrar etməkdən çəkinək.

İnsanın yaradışının Allahın möcüzələrindən olduğunu dərk etməklə biz Allahın necə kamil qüdrət sahibi olmasını anlamalı və onun bizə buyurduqlarını itaətkarlıqla yerinə yetirməliyik. Uca Allah buyurur: "Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?" (`Zariyyat` surəsi, 20-21). Beləliklə, heç vaxt unutmamalıyıq ki, bizi Yaradan, Müdrik və (hər şeydən) Xəbərdar olan Rəbbimiz var. Əgər Uca Allah lütf göstərib bizi ağılla mükafatlandırıbsa, o halda ətrafımızda bizi əhatə edən canlı və cansız məxluqatı yadımıza salmalı, kainatda baş verən möcüzə və dəyişikliklərə nəzər saldıqda, onların həqiqətən haqq üçün və haqq ilə yaradıldığını, Qiyamət günü bizi gözləyən xəbərdarlıqlar və dəlillər olduğunu anlamalıyıq. Amma çox təəssüf ki, bəziləri çox zaman Uca Allah tərəfindən bizə göndərilən və əməl etməyimiz tələb olunan qaydaları unudur. Məsələn, dinimiz Lə iləhə illəllah - "Allahdan başqa ibadətə haqqı çatan məbud yoxdur" kəlməsi üzərində qurulub. Bu nə anlamı ifadə edir? "Allah gördüyü işlərdə təkdir və Onun şəriki yoxdur, O, bütün nöqsanlardan uzaqdır və ilahiləşdirməyə və itaət olunmağa haqqı olan yeganə varlıqdır". Əgər biz bu kəlməni qəbul ediriksə nə üçün səmanı, yeri, göyü, dağları və s. yaradanın Allah olduğunu deyir, amma eyni zamanda Allaha şərik qoşuruq? Bu haqqı bizə kim verib? Uca Allah buyurur: "Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir" (`Yusuf` surəsi, 106). Yadımızdan çıxarmamalıyıq ki, Uca Allah ona şərik qoşanlara Cəhənnəm odunu xatırladır. Uca Allah buyurur: "Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız" (`Bəqərə` surəsi, 21); "Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın!" (`Nisa` surəsi, 36); "Rəbbin yalnız Ona ibadət etməyi buyurmuşdur..." (`İsra` surəsi, 23). Buna bənzər ayələr çoxdur. Bu ayələri bizə göndərən Uca Allah, eyni zamanda Ona ibadət edib heç bir kəsi və heç bir şeyi Ona şərik qoşmayan qullarına əzab verməyəcəyini vəd edir (Buxari, 7373).

Bu məqaləni yazmaqda məqsədimiz çoxlarına məlum olan dini ayələri yenidən təkrar etmək deyil. Əsas məqsəd İslamın təməllərindən uzaqlaşan cəmiyyətin uçuruma yuvarlandığını xatırlatmaqdır. Düzgün öyrədilən İslami dəyərlər ən mühüm və güclü təsir vasitəsidir. Hər bir müsəlman öz dinini yaxşı öyrənməli, imanın əsaslarına yiyələnməli, onun təməlinin sarsılmaması üçün çalışmalı və onu qorumalıdır. İslam dini vasitəsilə biz günah etməkdən çəkinər, şər işlərdən uzaqlaşarıq. Özünü müsəl-man adlandıran, Uca Allahın ona bəxş etdiyi nemətlərdən istifadə edən hər bir kəs Allah tərəfindən ona verilmişlərin müqabilində Ona ibadət etməyə və onun buyurduqlarını yerinə yetirməyə çalışmalıdır.

Hazırda dinimizi qorumaq, düzgün İslami dəyərləri öyrətmək, imanın əsaslarını müsəlmanlara çatdırmaq elmli müsəlmanların borcudur.

Doğrudur, dinimizin təhrif edilmədən qorunmasında, onun dəyərlərinin öyrədilməsi və tanınması sahəsində çox iş görülür. Amma işlərin görülməsinə baxmayaraq, bugünkü cəmiyyətdə üzləşdiyimiz və hər bir ağlı başında olan insanı narahat edən xoşagəlməz hadisələr hələ də xeyli iş görülməli olduğunu diqtə edir. Cəmiyyətdə dini, əxlaqi, mənəvi və digər dəyərlər getdikcə pisləşir. Bu hal bizi narahat edir.

Qadınlarımızın geyimi

Hazırda cəmiyyətdə rastlaşdığımız və mənim kimi çoxlarını narahat edən ən böyük və biabırçı məsələlərdən biri qadınların geyimi ilə bağlıdır. Gözəl görünmək və gözəl geyinmək yaxşı haldı, amma... Hazırda elə qadınlar var ki, onların geyimini görəndə xanımların belə çoxu qadın olduqlarından uta-nır. Təəccüblüdür, onlar evdən ərlərinin, valideynlərinin, yaxud qardaş-bacılarının yanından çıxmır-larmı? Qeyrətdən danışanlar niyə evdən qadınlarının o vəziyyətdə çıxmasına icazə verirlər? Ən təhlükəli hal isə gənc, yeniyetmə qızların da düzgün olmayan geyim tərzinə meyl etməsidir. Qeyd etmək lazımdır ki, düzgün olmayan geyim tərzinə bir çox hicablı xanımlarda da rast gəlmək olar. Belə ki, hicab geyinməyinə baxmayaraq, məsələn, üst köynəyi, yaxud şalvarı əzalarını tam şəkildə bildirən qadınlar da var. Axı, qadın elə geyinməlidir ki, əzaları hiss olunmasın. Əziz xanımlar, xarici gözəlliyinizlə deyil, daxili gözəlliyinizlə, mənəviyyatınızla, davranışınızla, əxlaqınızla yadda qalmağa çalışın, soyunmaqla deyil!

Valideyn – övlad münasibətləri

İkinci narahatçılıq doğuran məsələ valideyn-övlad münasibətidir. Bu günün uşaqları sabahın valideyni, qadını, kişisidir. Onlar bu gün gördükləri münasibəti sabah cəmiyyətdə tətbiq edəcəklər. Valideynlər bəzən öz problemləri ilə evə gəlir, uşaqları ilə kobud rəftar edir, onlara az vaxt ayırır və bəzən özləri də bilmədən övladlarını düzgün olmayan istiqamətdə tərbiyə edirlər. Övladlarınızın kompüter-də əcaib oyunlar oynamasına, qorxunc filmlərə baxmasına (bəzi valideynlər hətta məktəbli uşaqlarıyla serialları da seyr edir) icazə verməkdənsə, niyə onlara hörmət hissini aşılayan, ədəb-ərkan öyrədən dini ayələri öyrətməyəsiniz? Axı, bu gün verdiyiniz tərbiyənin nəticəsini sabah nəinki yalnız siz özünüz, digərləri də görəcək. Qızının əxlaqsız, oğlunun narkoman olduğundan əziyyət çəkən valideyin deyir: "Ay Allah, mənim övladım niyə belə oldu?" Uca Allaha belə sualla müraciət etməkdənsə, niyə vaxtında övladınıza Allahın buyurduğu yolla getməyi öyrətməməyiniz üçün peşmançılıq hissi keçirmirsiniz? Amma artıq gecdir! Siz və sizin kimilərin təqsirindən digər günahsızlar da əziyyət çəkəcək. Əziz valideynlər, övladlarınıza vaxt ayırın, onların dost seçiminə nəzarət edin və gələcəkdə əziyyət çəkməyin! Övladlarınıza hörmət edin və yaxşı ədəb-ərkan öyrədin ki, bağışlanasınız.

İnsanların getdikcə insani keyfiyyətlərini itirib aqressivləşməsi də narahatçılıq doğuran hallardandır. Hər gün xəbərlərdə eşidirik: "Övlad atanı öldürdü", "Qardaş bacısını baltaladı"və s. Yenə səbəblər axtarılır, hökm kəsilir, iş bağlanır və bununla da hamı vəzifəsini yerinə yetirdiyini düşünür. Həqiqətənmi biz günahkarı həbs etdik və işimiz bununla da yekunlaşdı? Xeyr! Bu hadisəni törədənlərdən soruşsaq, bu addımı nəyə görə atdığını izah edə bilməyəcək. Çünki o, bunu bilmir. Bunu onun yanın-da dayanıb, onu günaha sürükləyən şeytan ona pıçıldayır. İnanın ki, bu belədir! Nəticə yenə də eynidir. Niyə ona Allahın qaydalarını öyrətmədik? Niyə ona sevgi hissini aşılaya bilmədik? Niyə vaxtında ona şeytan barədə xəbərdarlıq etmədik? Niyə? Demək, burda ziyalılar da, valideyinlər də həmin günahkar şəxs qədər günahkardır.

Boşanma halları artır...

Son illər boşanma hallarının artması müşahidə olunur. Gənclər fərqinə varmadan tanış olub evlənir və sonra da ayrılırlar. Niyə evləndilər, niyə ayrıldılar, bilinmir. Doğrudur, heç kim boşanmaq üçün evlənmir. Amma səbəbsiz yerə, boş münaqışələrdən yaranan boşanma hallarına çox rast gəlinir. Boşanmanı doğuran digər daha ciddi səbəblər də var ki, məsələn, təcavüz görmək, döyülmək və s. bu hallarda boşanmaqdan qaçmaq olmur. Boşanmaya səbəb olan bu cür əməllər İslamda lənətlənmiş əməllər he-sab olunur və bu halda boşanma məqbul sayılır. İstənilən halda boşanmanın nəticəsi xoşagəlməz hallara gətirib çıxara bilər, məsələn, əgər övlad varsa, onun ya atanın, ya da ananın himayəsini itirməsi, zina etməyə meyillənmək, insanlara inamın itməsi və s. Hər bir halda boşanmadan əziyyət çəkən ən çox qadınlar olur. Çox qadın üçün ikinci həyatını qurmaq çətin olur. Bəzən də zəif iradəli qadınlar özləri də hiss etmədən arzuolunmaz vəziyyətlərə düşür, günah arxasınca günah və... Nəticə yenə də İslami dəyərləri bilməməkdən doğur. Vaxtında düzgün dini dəyərlərə yiyələnən insanlar evlilik mərhələsində bir-birinə qarşı necə hərəkət etməyi bilir, belə ailələr qarşılıqlı hörmət, mehribanlıq və s. təməllər üzərində qurulur. Odur ki, evlənən zaman eyni dini etiqada malik olduğunuz şəxslə evlənin ki, sonra peşman olmayasınız!

Televiziya verilişləri

Digər məsələ televiziya kanallarında yayımlanan verilişlərdi. Kanalları izləyərkən insana elə gəlir ki, bizim əylənməkdən, musiqiyə qulaq asmaqdan başqa işimiz yoxdur. Mənasız, yüngül zarafatlar, qadın, yaxud kişi olduğu bilinməyən oyunçular, yarıçılpaq müğənni qadınlar, kişi cinsinə aid etməyə utanc verən "kişi" müğənnilər, vahimə doğuran filmlər, heç bir əxlaqi, mənəvi, yaxud dini dəyər öyrətməyən cizgi filmləri və s. Bizim, eyni zamanda övladlarımızın izləməli olduğu verilişlər bunlardır. Bunlardan biz nəyi öyrənəcəyik və "Özün ilə nə gətirdin?" sualına hansı cavabı verəcəyik?

Cəmiyyətimizdə insanların bir-birinə münasibəti korlanıb. Laqeydlik onları bir-birindən uzaqlaşdırır. Hamı özünü düşünür. "Mən yaxşı yaşayım, yaxşı olum, digərləri necə olur-olsun". Sevgili peyğəmbərimiz Muhəmməd əleyhissalam buyurur: "Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədik-cə həqiq mömin ola bilməz". İslamda əsas qaydalardan hesab olunan bir-birinə kömək etmək, məslə-hət vermək, dar günündə yanında olmaq və s. əməl olunması gərəkən haqlardır. Bu haqları öyrənsək, onlara əməl etsək, tək olmayacağımızı anlayacağıq.

Başımızı aşağı salıb, hara getdiyimizin fərqinə varmadan gedirik. Gəlin başımızı qaldıraq və özümüzə "Biz hara gedirik" sualını verək. "İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et!" ("Nəhl" surəsi, 125) - bu ayəyə əməl edərək tövhidin faydalarını, imanın əsaslarını, LƏ İLƏHƏ İL-LƏLLAH - deməyin xeyirini anlasaq, Allahın Kitablarını tanısaq və Onlara inansaq, Axirət gününə inansaq yolumuzu doğru müəyyənləşdirə bilərik. "Dinimizi sevək və sevdirək!" Nicatımız məhz ondadır!

Sahilə MUSTAFAYEVA