Hüquq nizamnamələrində nifrət cinayətləri

Sayta qoyulub: 08:22 02.05.2013 [1042 dəfə oxunub]

Nifrət cinayəti çərçivəsinə daxil olan zorakılıq tərkibli hadisələrə qarşı hər hansı qorunmanın olmaması, fiziki qüsurlu vətəndaşların hüquqa və ictimai təşkilatlara inamlarını itirməsinə səbəb olur.

Beynəlxalq hüquqda “Hade crime” adlanan cinayət ifadəsi var. Bunun tərcüməsi isə “nifrət cinayəti”dir. Artıq bizdə də bu məfhum tez-tez işlədilir. Tarixi baxımdan yeni hadisə olmasa da, nifrət cinayəti ifadəsi yeni sayılır. Bu məfhum kütləvi informasiya vasitələrində ilk dəfə 1986-cı ildə, Nyu-Yorkda bir qrup ağdərili tələbə tərəfindən qaradərili insana qarşı törədilən irqçi hücumun xəbərlərə əks olunmasından sonra geniş işlədilib. Bu ifadənin Avropada işlədilməsinin isə daha qədim tarixi (Britaniyada 1993) var. Bundan başqa, nifrət cinayətləri ifadəsinin bu qədər yaxın tarixdə istifadə edilməsinin, bu cinayətlərin əvvəllər törədilmədiyi mənasına gəlmədiyini də yaddan çıxarmaq olmaz.

Nifrət cinayətləri nədir?

Nifrət cinayətləri, azlıqları hədəfə alıb, ayrı-seçkiliyə qarşı qanunları pozan irqçi, dini, mədəni və cinsi məqsədlərlə törədilən cinayətlər kimi tərif olunur. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (AGİT = ATƏT) nifrət cinayətini belə ifadə edir: Zərərçəkənin, mülkün və ya törədilən cinayətin məqsədinin, həqiqi və ya hiss edilən irqi, milli və ya etnik kök, dil, rəng, din, cinsiyyət, yaş, zehni, yaxud fiziki qüsurlu olmaq, cinsi meyl və ya başqa buna bənzər amillərə əsaslanan xüsusiyyətlərə malik qrupla həqiqi və ya o şəkildə qəbul edilən əlaqəni, bağlı olmağı, aid olmağı, dəstəyi və ya üzv olması səbəbilə seçildiyi, insanlara və ya mala qarşı cinayətləri də əhatə edəcək şəkildə törədilən bütün cinayətlərdir.

Nifrət cinayətlərinə fiziki hücum, zorakılıq və ya hücum hədələri, zorlama, mülkə və ya əşyalara zərər vermə, təcavüz xarakterli kitabçalar və afişalar, məktəbdə və ya iş yerində zorakılıq etməni buna misal göstərmək olar.

Hüquqi nizamnamələr

Dövrümüzdə nifrət cinayətləri hüquqi məfhumdan daha çox sosial faktı ifadə etmək üçün işlədilir, əsasən də xüsusi nifrət cinayətləri qanunu olmayan ölkələrdə baş verir.

Dünyada ilk qanuni nizamnamə ABŞ-da həyata keçirilib. ATƏT üzvü olan 56 ölkənin yalnız 14-də kifayət qədər nifrət cinayətləri haqqında qanunlar var. Aralarında Türkiyənin də olduğu 22 ölkədə isə nifrət cinayətlərilə bağlı qanuni nizamnamə mövcud deyil. İştirakçı ölkələrin təqdim etdikləri raportlara əsasən, bölgədə ən çox nifrət cinayətləri etnik qrupların mövqeyi səbəbilə törədilir. Bunlardan sonra isə sıra ilə dini mənsubiyyət və irqçilik səbəbilə törədilən nifrət cinayətləri gəlir.

Nifrət cinayətlərinin fərdi və ictimai təsirləri

Əslində nifrət cinayətləri yalnız fərdə və ya bir yerə, yaxud mülkə aid cinayət olmaqdan başqa daha dərin ictimai cəhətə malikdir. ATƏT raportlarına əsasən, insanlar nifrət cinayətini həyata keçirərkən zərərçəkən və zərərçəkənin aid olduğu cəmiyyətlə bağlı müəyyən siqnal verirlər. Bir insana, mülkə, ibadət yerinə və ya müqəddəs qəbul edilən bir şeyə qarşı törədilən cinayət, əslində həmin insanın, yerin və ya müqəddəs şeyin aid olduğu cəmiyyətə qarşı səhv fikrin, mərhəmətin olmamasının və nifrətin əlamətidir.

Nifrət cinayətləri, çox vaxt qurbanlarının gələcəkdə də buna bənzər hücumlara məruz qalması və zorakılığın daha da artacağı ilə bağlı qorxu yaradır. Bununla yanaşı, belə cinayətlər, zərərçəkənin yaşadığı cəmiyyətdə qəbul edilmədiyini, bu cəmiyyətə aid hesab edilmədiyini göstərir. Nəticədə hücuma məruz qalan insanlar bir tərəfdən özlərini olduqca təcrid olunmuş hiss edərkən, digər tərəfdən törədilən başqa cinayətlərin zərərçəkənlərinə nisbətən də uzunmüddətli və daha ağır qorxu keçrirlər. Xüsusən polis, sosial xidmət üzrə mütəxəssislər, həkim və ya hakim kimi dövləti təmsil edən şəxslərin qeyd edilən nifrət cinayətlərini ciddi qəbul etməmələrilə yanaşı, əmələ gələn və baş verən bu ikinci zərər, daha böyük alçaltma və ya təcrid mənasına gəlir.

Digər tərəfdən, cinayətlər fərdi olaraq törədilsə də, istər KİV-in, istərsə də nifrət yaradan qrupların təbliğat fəaliyyətlərinin, nifrət cinayətini törədənləri həvəsləndirmədə mühüm rola malik olduğu heç kimdə şübhə yaratmır. Həmin qrupların bir çox mühüm şəxsləri, bunun cinayət olduğunu bilmədiklərinə görə nifrət tərkibli təbliğatlarını daha diqqətli və üstüörtülü şəkildə aparırlar.

Nifrət cinayətini törədənlərin cəzasız qalması zorakılıq hadisələrinin artmasına səbəb olur. Nifrət cinayəti çərçivəsinə daxil olan və zorakılıq tərkibli hadisələrə qarşı hər hansı qoruma tədbirlərinin olmaması, fiziki qüsurlu vətəndaşların hüquqa və ictimai təşkilatlara olan inamlarını itirməsinə səbəb olur.

Bu mənada, KİV-in yazdıqlarına görə, 2010-cu ildə ABŞ-da müsəlmanlara qarşı törədilən cinayətlər 50% artdıb, müsəlmanlar adlarına, geyimlərinə baxmaqla layiq olduğu işlərdən, məvaciblərdən, müxtəlif sahələrdən məhrum olublar. BMT-nin Mədəni və Siyasi Hüquqlar Sazişinin 20-ci maddəsinin II bəndinə əsasən ayrı-seçkilik, kin, nifrət və ya zorakılığa sövq edən hər hansı milli, irqi, yaxud dini düşmənçiliyin müdafiə olunması hüquqi baxımdan qadağan edilir. Lakin bu maddə, BMT-nin İnsan Haqları Komissiyasında 11 ildən bəri müzakirə edilən “Dini təhqirin (İslamofobiyanın) qarşısını almaq” qərarının qəbul edilməsinin əsasını təşkil edir. Bu qanun İslam Konfransı Təşkilatı tərəfindən dəfələrlə müzakirəyə çıxarılsa da, söz azadlığı müdafiəçilərinin lobbisi səbəbilə ümumi şuradan keçməyib. Yenə də ümidləri itirmədən nifrət cinayətlərinin artmaması ilə bağlı aparılan araşdırmalarda inkişafın qeydə alınması çox əhəmiyyətlidir.