Özlərini ağıllı hesab edən ateistlərə: ateizm səhvi

Sayta qoyulub: 08:16 02.05.2013 [2003 dəfə oxunub]

“Ateizm və ya tanrını qəbul etməmək, tanrıya və mənəvi varlıqlara qarşı olan metafizik inancları inkar edən və mövcud olan həqiqəti inanc vasitəsilə izah etməyi qəbul etməyən müəyyən fəlsəfi cərəyan” kimi tərif edilir.

Kainatı yaradan tanrının mövcudluğu riyazi formullarla inkar olunmayacaq dərəcədə sübut edilməsə də bunun əksi, yəni tanrının olmaması da sübut edilən elmi həqiqət deyildir. Lakin elmin tanrını sübut etməsi və onun varlığını inkar edilməyəcək formada izah etməsi “Tanrının kainatı yaratma məqsədinə” və “insanda olan sərbəst iradənin varlıq məqsədinə” ziddir. Bu səbəbdən, tanrının varlığı elmi olaraq inkar edilməyəcək həddə dəlillərlə isbat edildikdə, artıq dini mənada dünya həyatının davam etməsinin müəyyən mənası qalmayacaqdır.

Buna görə də elmi şəkildə sübut edilməyən iki iddiadan birini dərhal qəbul edən hər iki tərəf əslində eyni davranırlar. Yəni bir tərəf “Allahın mövcudluğu” fikrini qəbul edib inandığı halda, digər tərəf “Allahın yoxluğu” fikrini qəbul edərək buna inanır. Bu baxımdan, ateizmin də teizm kimi müəyyən inanca malik olduğu ortaya çıxacaqdır.

Bəlkə də ateizmin bu günə qədər çox da bəhs edilməyən cəhəti “Allaha şərik qoşma”dır. Əslində ateizm müəyyən yaradanın olması fikrini inkar etməklə kifayətlənmir, onun yaratdığı kainatı tabiətə, səbəblərə, təsadüflərə və şərtlərə (!) əsaslandırır. Şübhəsiz ki, bu da inadlı şirkdir.

Ateistlər ağılla “ateizm”i seçdiklərini və “inancın” ağıl qarşısında müəyyən maneə olduğunu iddia edirlər. Onlar özlərini çox zövqlü və ağıllı adlandıraraq insananları müxtəlif şəkildə təhqir edərək kübarcasına “ağılsız” sözünü işlədirlər.

Halbuki vəziyyət heç də belə deyildir. Hətta “kainatı bir tanrının yaratması” fikri hər cəhətdən onu “təsadüflərin, bilinməyən halların və zərurətlərin yaratması” fikrindən, yaxud “öz-özlüyündən olması” ehtimalından daha məntiqli, həmahəng və mənalıdır.

Çünki kainatı tanrının yaratmaması ilə bağlı heç bir dəlil olmadığı halda, ağıllı layihə sahibinin yaratması ilə bağlı saysız-hesabsız dəlillər vardır. Həmin dəlillər “əsərdən müəssirə”, yəni “yaradılandan yaradana” şəklində kimi ifadə edilir. Sənət əsəri olan rəsmin, memarlıq abidəsinin və ya qarışıq bir cihazın onu hazırlayana minlərlə dəlillə işarə etməsi buna misaldır. Şübhəsiz ki, bütün bu dəlillər Allahın varlığına böyük sübutdur.

Həmin dəlilləri qısaca belə qeyd etmək olar:

• Son elmi araşdırmalar göstərir ki, kainat sonradan yaranmışdır. Sonradan yaranan şey onu əmələ gətirən səbəbə əsaslanır. Bu şəkildə iddia Tanrıya aid edilə bilməz. Çünki o, sonradan yaradılmamışdır. Belə ki, sonradan yaradılan Tanrı ola bilməz.
• Kainatın müəyyən başlanğıcının olmasının qəbul edilməsi materializmin də artıq qəbul olunmamasına səbəb olmuşdur.
• Kainatdakı atomlardan, atomun quruluşundakı qüvvətlərdən, planetlərin günəş ətrafındakı dövr etmələrinə qədər kainatın hər tərəfinə yayılan və istisnasız kainatın hər tərəfində eyni dərəcədə qüvvədə olan prinsipial “birlik” mövcuddur. Həmin birlik kainatı tək nizam və sistemlə əmələ gətirən edən qüvvənin mövcud olmasına işarədir.
• Tamamilə cansız maddələrdən, elementlərdən, zəhərli qazlardan, lava formasındakı odlardan ibarət olan kainatda, həmçinin eyni formada ilk vəziyyətilə zəhərli qazlardan, lavalardan və od kürəsindən ibarət dünyada canlı, hərəkət edən, yaşayan və ölən, düşünən, ətə və sümüyə bürünən varlıqların yaranmasına, onu Tanrının yaratmasından daha məntiqli izahat verilməmişdir.
• Son illərdə elm adamları, xüsusən fizika alimləri tərəfindən çox qəbul edilən və kainatın başlanğıcı olduğunu ehtimal edən «Biq Bənq» (böyük partlayış) nəzəriyyəsi kainatın müəyyən yaradan tərəfindən əmələ gətirilməsi fikrini çox dəstəkləyir. Məsələn, ABŞ-dan olan astrofizika alimi Huq Ross mövzu ilə bağlı belə bir izahat verir: “Zaman, hadisələrin əmələ gəldiyi meyar olduğuna görə maddə, «Biq Bənq»lə yaranıbsa, deməli, kainatı əmələ gətirən səbəb kainatdakı zaman və məkandan tamamilə ayrı olmalıdır. Bu da bizə, Yaradanın kainatdakı bütün meyarlardan üstün olduğunu göstərir (Hugh Ross, The Creator and the Cosmos: How Greatest Scientific Discoveries of The Century Reveal God, Colorado: NavPress, revised edition, 1995, s. 76). Halbuki, kainatın müəyyən Yaradan tərəfindən yaradılmaması fikrini dəstəkləyən nəzəriyyələr bir-bir aradan qalxır. Bu nəzəriyyənin heç cür sübut edilməməsinin səbəbi, yuxarıda da qeyd etdiyimiz kimi Tanrının elmi kəşfinin insanın sərbəst iradəsini əlindən alması ilə nəticələnməsidir. Bu səbəbdən qiyamət qopana qədər kainatda “şübhəyə səbəb olacaq gizlilik” daim mövcud olacaqdır.
• Tanrını kainatdakı qaydalar çərçivəsində düşünmək olmaz. Çünki kainatı o yaratmışdır. Od Tanrını yandırmadığı kimi Tanrının, yerin cazibə qüvvəsinə tabe olmaq məcburiyyətində qaldığı irəli sürülə bilmədiyi kimi, onun zamana və məkana tabe olmasını düşünmək də olmaz. Çünki zaman və məkanı yaradan da Odur. Belə olduğu halda, o necə əzəli və əbədi (sonsuz) ola bilər?” sualını tanrı haqqında vermək olmaz. Çünki Onun üçün “zaman” anlayışı yoxdur. Bu sualı vermək istər-istəməz Onu müəyyən zaman çərçivəsinə salmaq və öz yaratdığının əsiri olmaq, öz yaratdığı qanunla məhdudlaşdırmaq mənasına gəldiyinə görə məntiq baxımından bu sualın Tanrı haqqında verilməsi məntiqsizlikdir.
• «Biq Bənq» nəzəriyyəsi haqqında uzun illərdən bəri araşdırma aparan və bu sahədə çox şeylər öyrənən elm adamları da “Böyük partlayış”a nəyin səbəb olması mövzusuna hər hansı izahat verməmişlər. Kainat genişləndiyinə görə zaman baxımından geriyə getdikdə kainatın bir nöqtədən başladığı aydın olmuşdur. Aparılan hesablamalar, kainatın bütün maddəsini özündə cəmləşdirən bu “bir nöqtə”nin, “sıfır həcmə” və “sonsuz sıxlığa” malik olmasının zəruri olduğunu göstərmişdir. Kainat sıfır həcmdə olan bu nöqtənin partlamasıyla yaranmışdır. Əslində “sıfır həcm” bu mövzunun nəzəri ifadə tərzidir. Elm, insan ağlının qavrama həddini aşan yoxluq anlayışını yalnız həcmdəki nöqtə ifadəsilə tərif edir. Əslində isə sıfır həcmdə olan nöqtə yoxluq mənasına gəlir. Kainat da yoxluqdan əmələ gəlmişdir. Başqa sözlə, yaradılmışdır.
• Canlı aləmin səbəbini izah etmək üçün ateistlərin irəli sürdükləri əsas fikir “Həyatın mövcud təbiət qanunlarının zəruri nəticəsi” olmasıdır. Lakin bu fikir özü olduqca mənasız və özü ilə birlikdə bir çox cavabsız sualın verilməsinə səbəb olan qeyri-müəyyənliyi ifadə edən izahatdır. Çünki ateistlər bir tərəfdən kainatda müəyyən nizamın olmadığını və qarışıq kainatda yaşadığımızı iddia edir, digər tərəfdən isə kainatda hayatı mövcud edəcək qədər həmahəng və elmi qanunların olduğunu qəbul edirlər. Onların bu addımı özü ilə birlikdə aşağıdakı cavabsız sualları gətirəcəkdir:
- Bəs kainatda həyatı əmələ gətirən bu qanunlar nə üçün mövcuddur?
- Bu qanunlar bir yerə yığıldıqda həyatın əmələ gələcəyini haradan bilirlər?
- Tamamilə təsadüfi olaraq dəyişən (!) kainatda hayatın yaranmasına səbəb olacaq birdən çox uyğun qanunun yaranmasına səbəb olmuşdur.
- Ateistlərin sadə şəkildə “kainatda həyatı yaradacaq şərtlər” adlandırdıqları hallar böyük partlamayla birlikdə məlumat kimi mövcud idi? Yoxsa, böyük partlamadan sonra təsadüfi olaraq əmələ gəldilər?

Dünyadakı bu canlı aləm və müxtəlif növlər məlumatın müəyyən nizama salınması (məsələn, torpağa atılan alma toxumunun içində alma ağacının məlumatı mövcuddur. Bu məlumat isə torpaq və ona təsir edən digər amillər tərəfindən nizama salınaraq ortaya çıxarılır) kimi qəbul edilirsə;
 Bu məlumatı həmin toxumun içinə yerləşdirən qanun hansı qanundur?
 Həmçinin torpağa, o toxumun içindəki məlumatı oxuyub üzə çıxarma funksiyasını verən qanun hansıdır?
 Məgər kainatda və dünyada olan bütün bu məlumat, kainatı həmin məlumat və qanunlarla mövcud edən müəyyən “bilən”ə işarə etmirmi?

Şübhəsiz ki, bu sualları artırmaq da olar. Lakin bu bir həqiqətdir ki, ateistlər bu suallara cavab verə bilməyəcəklər. Çünki bu sualların cavabını vermək yalnız “kainatın şüurlu yaradanının” qəbul edilib bütün qanunları və müxtəlif növ haqqında məlumatları hələ ilk mərhələdə kainatın toxumunun içində yaratmasının təsdiq edilməsi nəticəsində mümkündür.