Sığorta əməliyyatlarına alternativ: təkaful

Sayta qoyulub: 08:05 02.05.2013 [1404 dəfə oxunub]

Son vaxtlar dünyanın sığorta sektorlarındakı inkişaf tendensiyalarını araşdırarkən, sığorta nəzarəti və biznesi ilə bağlı qəbul edilmiş yeni beynəlxalq prinsip və standartlarla tanış olarkən, ayrı-ayrı beynəlxalq konfrans və forumlarda iştirak edərkən tez-tez rastlaşdığımız mövzulardan biri də İslam sığortası və ya təkaful anlayışları ilə bağlıdır. Bu anlayışlar əksər hallarda sinonim kimi işlənsə də, əslində onlar arasında müəyyən fərq var ki, bu da təkafulun İslam sığorta modellərinin Şəriət alimləri tərəfindən daha geniş şəkildə qəbul edilmiş bir qrupunu əhatə etməsindədir.

Təkaful əməliyyatlarının həcminin dünya maliyyə sistemində analoqu olmayan sürətlə inkişafı, habelə maliyyə böhranlarının bu sistemdən demək olar ki, təsirsiz ötüşməsi (təkcə bir faktı demək kifayətdir ki, 2007-2010-cu illər arasında təkaful əməliyyatlarının həcmindəki artım illik 28 faiz təşkil edib) istər beynəlxalq təşkilatlar, istərsə də ayrı-ayrı transmilli korporasiyaların son vaxtlar təkafulla bağlı nəzəri və təcrübi tədqiqatlara vaxt və pul sərf etmələrinə səbəb olub.

"Təkaful" ərəb mənşəli olub, "kəfələ" sözündən götürülüb, təmin etmək, bir kəsə kömək etmək və ya bir kəsin qayğısına qalmaq mənalarını daşıyır. Təkaful birgə məsuliyyət, qardaşlıq, həmrəylik, qarşılıqlı əməkdaşlıq, yaxud yardımlaşma əsasında müəyyən riskə qarşı maliyyə təminatı üçün formalaşdırılan münasibətlər sistemidir. Dünyanın ən yeni, lakin ən dinamik sığorta institutu olan təkafulun tarixi dolayısı ilə 14 əsr əvvələ - ərəb tayfaları arasında geniş yayılmış və İslam Şəriətində də qəbul edilmiş "əl-əqilə" doktrinasına qədər gedib çıxır. Bu prinsip sonralar həyatın bir çox sahələrində, xüsusən də dəniz tacirlərinin zərərlərinin qrup üzvlərinin birgə vəsaitləri hesabına formalaşdırılan fonddan ödənilməsi sistemində geniş tətbiq edildi. Lakin peşəkar fəaliyyət olaraq, ilk təkaful şirkəti 1979-cu ildə Sudanda təsis edilib. Hazırda dünyada 150-yə yaxın müstəqil təkaful şirkəti, 200-dən artıq isə sığorta şirkətlərinin "təkaful pəncərəsi" mövcuddur.

İlk olaraq, təkaful haqqında qısaca onu demək olar ki, bu, bir kəsin qarşılıqlı köməkləşmə və könüllü yardım prinsipləri əsasında, başqa iştirakçıların məruz qala biləcəyi zərərli hadisələrdə maliyyə yardımı göstərmək niyyəti ilə ümumi fonda (iştirakçılar fondu və ya təkaful fondu) hər hansı pul məbləğini ödəməklə, eyni zamanda özü də zərərə məruz qalacağı halda bu fonddan yararlanmaq imkanı verən mexanizmdir.

Təkaful daha geniş mənada nədir, ümumiyyətlə İslamın sığortaya münasibəti necədir, Şəriətlə qəbul edilməyən sığorta əməliyyatları hansılardır və s. bu kimi suallarla bağlı apardığım qısa araşdırmanın nəticəsini oxucularla bölüşməyi qərara aldım:

Müsəlmanların etiqadına görə ehkamları ilk insan olan Adəmdən (ə.s.) başlamış, Nuh (ə.s.), İbrahim (ə.s.), Musa (ə.s.), İsa (ə.s.) və s. peyğəmbərlər vasitəsilə insanlara çatdırılması davam etdirilmiş, sonuncu peyğəmbər Muhəmmədin (s.ə.s.) vaxtında isə kamil olmuş İslam dini sosial, iqtisadi və siyasi məsələlər də daxil olmaqla, həyatın hər bir cəhətini ehtiva edən dəyərləri və prinsipləri özündə birləşdirir. İslam hüququnun məcmusu olan Şəriətə görə insanlar arasındakı bütün münasibətlərdə ədalətli rəftar mövcud olmalıdır. Bu səbəbdən istismarın - bu və ya digər yolla kiminsə haqqı çatmadığı bir şeyi əldə etməsi hallarının aradan qaldırılması üçün ədalətsiz varlanmanın bütün yolları, həmçinin zəruri olmayan risk və ya möhtəkirlik əlamətləri daşıyan əməliyyatlar qadağan edilir. İslam iqtisadiyyatının əsaslarını formalaşdıran bir sıra əsas prinsiplər onu ənənəvi iqtisadi münasibətlərdən fərqləndirir.

Məlum olduğu kimi, İslam iqtisadiyyatının prinsipləri Quran və Sünnəyə əsaslanan nəzəriyyə üzərində qurulmuşdur. Bu nəzəriyyənin başlıca ideyası ondan ibarətdir ki, bütün əməllər, o cümlədən iqtisadi və ticari sövdələşmələr və əməliyyatlar Allahın insanlara qadağan etdikləri ilə - haramlarla bağlı olmamalıdır. İslama görə qazanılan bütün gəlirlər və əldə olunan mənfəətlər yalnız qanuni, dini terminlə ifadə etsək, halal olmalıdır. Quranda bu barədə deyilir: "Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun" (Quran, əl-Maidə surəsi, 88-ci ayə). Nəyin halal və ya haram olmasını isə insanlar özləri deyil, Allah müəyyən edib ki, bu da insanlara nazil olan sonuncu müqəddəs kitabda və göndərilən sonuncu Peyğəmbərin (s.ə.s.) sünnəsində (davranışları və sözlərində) əks olunub.

İslam dinində risk idarəetməsinə münasibət

Bəzi müsəlmanlar hesab edirlər ki, sığorta mexanizminə cəmiyyətdə ehtiyac yoxdur, çünki onsuz da hər kəs başqasının maddi və mənəvi problemlərinin aradan qaldırılmasına yardım etmək öhdəliyi daşıyır. Əslində əgər cəmiyyət üzvü olan insanlar və ya xalqlar bu məqsədlə xüsusi mexanizm vasitəsilə müəyyən vəsaiti bir yerə toplayır və ehtiyacı yarananların, zərər çəkənlərin, itkilərə məruz qalanların ehtiyaclarının ödənilməsinə sərf edirlərsə, bu, sərvətin və resursların İslamda əmr olunan bölüşdürülməsinin bir üsuludur. Bir çoxları ümumiyyətlə, sığorta əməliyyatlarının, xüsusən də həyat sığortasının İslama zidd olması barədə fikirlər yürüdür. Belə mövqeyin əsasında sığortanın müsəlmana xas olan Allaha təvəkkül, yəni hər bir işdə, o cümlədən hər hansı bir təhlükəyə və ya riskə qarşı dayanmaqda Allaha arxalanmaq sifətinə uyğun olmaması ideyası dayanır. Lakin müsəlman alimlərinin rəyinə, həmçinin bu rəylərin formalaşmasında əsas olan bizim də aşağıda gətirəcəyimiz dəlillərə görə sığortanı məhz bu cəhətdən İslam prinsiplərinə uyğun olmayan fəaliyyət hesab etmək düzgün deyil. Əslində İslam məntiqi ilə yanaşsaq, gündə beş vaxt namaz qılmaq, zəkat və sədəqə vermək və s. axirətdəki həyatın sığortasıdır.

Müasir sığortanın başlıca mahiyyətinə daxil olan risk idarəetməsinin əsas konsepsiyası İslam əqidəsində hələ 14 əsr əvvəl Quran ayələri ilə ifadə olunmuşdur. Quranın Yusif surəsinin 43-49-cu, həmçinin 67-ci ayələrində gözlənilən təhlükələrin qabaqcadan qarşısının alınması üçün tədbir görməyin əhəmiyyəti aydın şəkildə sezilir. Belə ki, Yusif peyğəmbərin əhvalatından bəhs edən adıçəkilən surənin 47ci ayəsində Misir hökmdarının gördüyü yuxunu yozarkən Peyğəmbər deyir: "Yeddi il adətiniz üzrə əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi sünbüldə saxlayın. Sonra bunun ardınca yeddi il quraqlıq olacaq..." Allaha təvəkkül etmənin necə olması barədə isə həmin surənin 67-ci ayəsi daha əhəmiyyətli və haqqında bəhs edilən məsələ ilə bağlı fikirlərə son qoymaq nöqteyi nəzərindən daha tutarlıdır. Sözügedən ayədə Yəqub peyğəmbər oğullarını səfərə yola salarkən onların hansısa təhlükədən yayınmaları üçün "eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ona təvəkkül etsinlər".

Qeyd olunan ayələrdən göründüyü kimi, hər hansı bir ehtimal olunan təhlükənin, riskin nəticələrinin qarşısını almaq və ya belə riskin özünü dəf etmək üçün tədbir görülməsi İslamda nəinki qadağan edilmir, əksinə tövsiyə olunur, bir şərtlə ki, gördüyün tədbirin nəticəsi ilə bağlı Allaha təvəkkül edəsən, yəni risk idarəetməsinin uğurlu və ya uğursuz alınmasının Allahın iradəsindən asılı olduğunu dərk edərək, əldə etmək istədiyin nəticədə Ona arxalanasan. Bu məsələ ilə bağlı İslam şəriətinin əsas mənbələrindən olan Sünnədən də bir çox misal gətirmək olar. İbn Ömərdən (A.r.o.) nəql olunan hədisə görə Muhəmməd peyğəmbər (s.ə.s.) düşmən və quldurların tamahkarlığından müdafiə olunmaq, xəstələndikdə isə qulluğunda dayanan kimsənin olması üçün evdə tək gecələməyi, həmçinin tək səfərə çıxmağı qadağan etmişdi. Həmçinin başqa bir hədisdə deyilir: "Kim örtüsüz damlarda gecələyərsə, zimməlik hüququndan məhrum olar". Buna oxşar digər səhih hədis Əli ibn əbu-Talibdən (A.r.o.) rəvayət olunur: "Hər kəs örtülü olmayan dam üstündə yatsa, ona görə heç kəs sorğu-sual olunmaz". Bu hədisin başqa bir səhabədən edilən rəvayətində "və kim fırtınalı dənizə çıxıb orada ölsə, ona görə də heç kəs cavabdeh olmaz" kimi davamı qeyd olunur. Amr İbn Umeyyədən rəvayət olunan hədisdə isə göstərilir ki, bir kişi Peyğəmbərin (s.ə.s.) yanına gəlib dedi ki, mən Allah təaləyə təvəkkül edərək dəvəmi açıq buraxdım, lakin o itdi. Peyğəmbər (s.ə.s.) buyurdu ki, dəvəni bağla, sonra təvəkkül et. Qeyd olunan hədislərdən görünür ki, İslama görə Allah bütün məxluqatın qədərini müəyyən etməklə, onların hər bir vəziyyətini, hətta hislərini və hərəkətlərini idarə etməklə yanaşı, bir qisminə, o cümlədən insana ağıl verərək onun üçün öz davranışlarına sahib olmasında muxtar iradə imkanı da müəyyən etmişdir. Belə olan halda insan yaşamaq üçün ona verilmiş bütün halal imkanlardan və səbəblərdən istifadə etməklə baş verənlərin əsas səbəbi olan Allaha təvəkkül etməlidir. Gözlənilən təhlükə və zərərlərə qarşı əvvəlcədən müvafiq tədbirlər görməklə qorunmaq heç də İslam dininə zidd deyil, əksinə təkidlə tövsiyə olunan əməldir. Bu baxımdan, sığorta əməliyyatları ilə ehtiva olunan, baş vermə ehtimalı olan riskli hadisələr səbəbindən maddi zərərlərin qarşılığını almaq üçün əvvəlcədən tədarük görmək də Allaha təvəkkül prinsipinə zidd deyil. Nəticə olaraq, görünür ki, İslam risk idarəetməsinin əleyhinə deyil. Lakin, ənənəvi sığorta əməliyyatları İslamda ciddi şəkildə qadağan olunan qeyri-müəyyənlik, qumar, sələm və başqasına münasibətdə ədalətsiz olma ünsürlərini ehtiva edir ki, bu da müsəlmanların sığorta əqdlərinə fərqli yanaşmasının başlıca səbəbidir.

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının tədqiqat məruzəsində qeyd edilir ki, "İslam sığorta konsepsiyasının özünün əleyhinə deyil, sadəcə ənənəvi sığortada istifadə edilən bəzi üsul və metodları qadağan edir. Əslində çoxlarının hesabına bir qismin risklərinin azaldılması İslamda, xüsusən də "əl-əqilə" doktrinasında geniş istifadə edilib".

Sığorta bəşər cəmiyyətinin, o cümlədən müsəlman ölkələrinin sosial və iqtisadi həyatında həlledici rol oynayır. Qeyd olunduğu kimi, sığorta mahiyyət etibarilə nəinki İslama ziddir, əksinə bu dinin tələblərindən irəli gələn bir sıra prinsiplərin tətbiqi üçün ən səmərəli və məqsədəuyğun vasitədir. Buna görə də əsrlər boyu müsəlman cəmiyyətlərində sığortanın Şəriətə uyğun müxtəlif modelləri qəbul edilmişdir. Yuxarıda haqqında bəhs edilən əl-əqilə doktrinası, xəlifə Ömərin vaxtından bu doktrinanın daha geniş tətbiq edilərək tayfa üzvlərindən kiminsə ehtiyatsızlıqdan adam öldürməsinə görə qan bahasının ödənilməsi üçün həmin tayfa üzvlərinin qarşılıqlı əməkdaşlıq əsasında yardımlar ödəməsinin mərkəzləşdirilmiş qaydada təşkili, muvələt əqdləri və s. buna misal kimi göstərilə bilər.

Müasir fiqh alimləri İslam şəriətinə uyğunluq baxımından kommersiya sığortası ilə əməkdaşlıq sığortasını (sığorta terminologiyasında daha çox "qarşılıqlı sığorta" kimi ifadə olunur) bir-birindən fərqləndirirlər. Sığorta terminologiyasında kommersiya sığortası dedikdə, gəlir əldə etmək məqsədilə özəl müəssisə kimi təsis edilmiş, müəyyən haqq müqabilində risklərin qəbul edilməsi üzrə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti, əməkdaşlıq və ya qarşılıqlı sığorta dedikdə isə, iştirakçıların (sığortalıların) risklərinin bölüşdürülməsi məqsədilə təsis edilmiş və onlara məxsus sığorta fondunun idarə edilməsi ilə məşğul olan təşkilatların fəaliyyəti başa düşülür. Şəriət alimlərinin əksəriyyətinin, o cümlədən Fətvalar üzrə Daimi Komitənin, Müsəlmanların Ümumdünya Liqasının Məkkə şəhərində yerləşən İslam Fiqhi Şurasının, İslam Konfransı Təşkilatının Ciddə şəhərində yerləşən Beynəlxalq İslam Fiqhi Şurasının fətvalarında əks olunan rəyə görə kommersiya sığortasında Şəriətlə qadağan olunan əməliyyatlar mövcuddur, lakin təkaful və tədamun (qarşılıqlı yardım və əməkdaşlıq) mexanizmləri vasitəsilə həyata keçirilən əməkdaşlıq sığortası (qarşılıqlı sığorta) isə halal və icazəlidir.

(inşəAllah, mövzunu davam etdirəcyik)

Zəka MİRZƏYEV