10 000-dən çox insanın İslam dinini qəbul etməsinə vasitəçi...

Sayta qoyulub: 07:58 02.05.2013 [1217 dəfə oxunub]

(PİERRE VOGEL - İslama gəldikdən sonra Əbu Həmzə)

O, İslama gəldikdən sonra 10 000-dən çox insanın İslam dinini qəbul etməsinə vasitəçi olmuşdur. Hazırda Alman kanallarının birində İslam dini haqqında veriliş yayımlamaqdadır.

İslama gəlişi haqqında özü bunları söyləyir:

Mən uşaq ikən xristian məktəbində təhsil aldım. Zaman keçdikcə İncildən öyrəndiklərim məni çaşbaş salırdı. Çünki bir İncil kitabı ilə başqa bir İncil kitabı eyni olmalı idi, amma hərəsi eyni bir mövzunu fərqli fərqli göstərmişdi. Hələ mən uşaq ikən İncildə 19 ədəd səhv tapdım və müəllimim (keşiş) ilə bu səhvlərin mübahisəsini etdim. O da boynuna aldı ki, bəli İncil dəyişdirilib.

Mən bu yoldan çəkindim, fikirlərim qarışdı.

Bir gün şəhərdə gəzirdim. Bir saqqallı müsəlman buklet paylayırdı. Yaxınlaşıb birini aldım və İslam dini haqqında qısa, lakin ibrətli bir mövzu oxudum. Orada İslamın yeni bir din olmadığını əvvəlki dinlərin ardı, lakin axırıncısı olduğu qeyd edilmişdi. Mən bu sözləri çox bəyəndim. Yenə yazılmışdı ki, Allahın zikrindən uzaq düşməyin, əgər belə olsanız Uca Allah sizi darıxdırıcı, sıxıntılı bir həyata məruz edər.

Mən o sözlərdə bir ibrət gördüm. Çünki həqiqətən, Almaniyada hər bir şəraitin olmasına baxmayaraq statistika göstərir ki, hər 48 dəqiqədə bir Alman vətəndaşı intihar edir. Hər bir şəraitin olması insanın özünü öldürməyinin qarşısını almırsa, deməli, qəlb rahat deyil, sıxıntılı bir həyat yaşanır. Bu sözlərlə heyrətə gəldim.

Sonradan mərasimlərin birində bir Xristian Partiyası nümayəndəsi ilə görüşdüm. Ona olan ilk sualım:

Sizin bu partiyanı yaratmaqda məqsədiniz nədir?

Onun mənə cavabı bu oldu:

Biz İslam dinini Avropadan yox etmək üçün bu partiyanı hazırladıq.

Hələ mən İslamdan kənar olmağıma baxmayaraq, İslam dinini, müsəlmanları müdaifə etməyə başladım.

Evə döndükdə bir Qurani-Kərim kitabının Almanca tərcüməsini əldə etdim tamam oxudum və həqiqətən heyrətləndim. Çünki mən şahid oldum ki, bu kitabda başqa dini kitablarla müqayisədə Allaha daha çox həmd edilməsi idi. Məni heyrətləndirən səbəblərdən biri də Allahın hər şeyi eşitməsi, görməsi və hər şeyi edə bilməsi, amma heç bir məxluqata bənzəməməsi idi...

Sonra mən fərqli yerlərdən müxtəlif mətbəələrə məxsus Qurani-Kərim kitablarını aldım oxudum və heç birində bir-birinə zidd olan bir şey tapmadım. O zaman anladım ki, bu kitab bir insan tərəfindən yazıla bilməz.

Sonra Qurani Kərimi İncil və Tövratla müqayisə etdim. Gördüm ki, Müqəddəs Kitabda Yəqub əleyhisalamın Allahla savaşmasından və bu savaşda Yəqub əleyhisalamın qalib gəlməsindən bəhs edilir.

Amma Qurani-Kərimdə `Maidə` surəsinin 17-ci ayəsində: `Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir!”– deyənlər artıq kafir oldular. De: `Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanlarını hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?”Göylərin, yerin və onların arasında olanların səltənəti Allaha məxsusdur. (Allah) istədiyini yaradır. Allah hər şeyə qadirdir" - ayəsini gördüm və mən bundan öncə səhv yolda olduğumu anladım.

Mən İslamı qəbul etmədiyim halda namaz qılmağa başladım. Bir gün bir məscidə getdim və artıq məlumatım var idi ki, məscidə daxil olarkən `məscid haqqı` adlandırılan iki rükət namaz qılınmalıdır. Mən `məscid haqqı`nı qılıb bir kənarda oturdum. Bir qoca kişi mənə yaxınlaşdı və: `Evinizdə tək müsəlman sənsən?`, - deyə soruşdu və o zaman sanki Uca Allah qəlbimdəki bütün şeytanı dartıb çıxardı. Öz özümdə yetkin bir qərara gəlib `Bəli!` deyib şəhadət gətirdim! Əlhəmdulilləh!

Hazırladı: Emin Z.