Faydalı qidalanma ilə bağlı tövsiyələr

Sayta qoyulub: 07:44 02.05.2013 [1092 dəfə oxunub]

Bu gün insanlar arasında yayılan sağlamlıq problemlərindən biri də piylənmədir. Bəzən bu bəladan xilas olmaq üçün müxtəlif pəhrizlər saxlayırıq. Çox vaxt bunun hansı mənfi nətəcələr gətirib çıxara biləcəyini göz önünə almırıq.

Pəhriz üzrə mütəxəssislər yorucu iş həyatının insanları səhv qidalanmağa sövq etdiyini, asan və tez olmasına görə yeyilən simit, qoğal və xəmirdən olan müxtəlif şirniyyatların piylənməyə şərait yaratdığını bildirirlər. “İnsan orqanizminin hər cür qida qrupuna ehtiyacı var” deyən ekspertlər bildirirlər ki, təkyönlü qidalanmayla saxlanılan pəhrizlər insanın səhv arıqlamasına, hətta xilas olduğu çəkiləri qısa vaxt ərzində yenidən almasına səbəb olur.

Daim arıqlamanın bir müddət sonra metabolizmi aşağı saldığını və insanın bir daha arıqlaya bilməməsinə gətirib çıxardığını vurğulan mütəxəssislərin sözlərinə görə, doğru hesab edilən səhv fikirlərə diqqət yetirmək lazımdır. “Bir və ya iki dəfə yemək arıqlamağa deyil, əksinə kökəlməyə və ya bir daha arıqlaya bilməməyə səbəb olur. Metabolizm aşağı düşdüyünə görə bu doğru çıxış yolu olmayacaq. Bəlkə də bir piroqun kalorisi bir axşam yeməyinə bərabərdir. Lakin tortun tərkibində artıq dərəcədə şəkər, un və yağ olur. Bunlar isə orqanizmimizdə yağın artması ilə piylənməyə səbəb olur. Halbuki axşam yeməyində faydalı qidalardan düzgün miqdarda qəbul edildikdə piylənmə müşahidə edilmir.

“Çörək yeməyi həyatımdan çıxardım” fikrinin arıqlamaqla bağlı ən çox yol verilən səhv olduğunu bildirən mütəxəssislərə görə, çörək əvəzinə plov, qoğal və xəmirdən olan müxtəlif şirniyyatlar yeyilir. “Bununla yanaşı, doymağımız üçün 2 kiçik hissə çörək kifayət etdiyi halda, plovdan bir və ya iki boşqab yeyirik. Beləliklə, həm 5-6 parça çörək, həm də yağ qəbulu artır. Bu çox səhv hərəkətdir. Bütün səbəblər çörəklə bağlı deyil. Düzgün arıqlamanın yolu, faydalı qidalanmaqdır".

Düzgün formada arıqlamaq istəyənlərə tövsiyələrini verən ekspertlər, az və tez-tez qidalanmanın, yağ və şəkərdən uzaq olmağın, süd, yoqurt, ət, pendir, çörək, tərəvəz və meyvələrdən düzgün miqdarda qəbul etmək və hərəkət etməyin arıqlamaq üçün kifayət etdiyini bildirirlər.

Ətrafımızda demək olar ki, hər 3 nəfərdən biri pəhriz mütəxəssisi kimi bizə tövsiyələrini verir. Buna görə də, hər insanın özünəməxsus pəhriz tərzi var. Deyilənlərin düzgünlük dərəcəsini öyrənib faydalı qidalanma vərdişi əldə etmək üçün düzgün mənbələrdən pəhriz tövsiyələr almaq zəruridir. Qoy, qonşunun pəhrizi qonşuda qalsın!